“Mütəxəssislər bildirirlər ki, ağır pəhrizlər sağlamlıq problemlərinə səbəb ola bilər” - PSİXOLOQ DANIŞDI

“Son dövrlərdə arıqlama mövzusu cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib və insanlar bu prosesə müxtəlif səbəblərlə yanaşırlar. Bəziləri xarici görünüşünü dəyişmək, özünü daha rahat və özgüvənli hiss etmək üçün arıqlamağa çalışır, digərləri isə sağlam həyat tərzi sürmək və artıq çəkinin yaratdığı problemlərdən uzaq qalmaq məqsədilə bu addımı atır”.
Bu sözləri SİA -ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, xüsusilə sosial şəbəkələrin təsiri ilə ideal bədən görüntüsü anlayışı daha da ön plana çıxır və bu da insanların öz görünüşü ilə bağlı düşüncələrinə ciddi təsir göstərir:

“Mütəxəssislər bildirirlər ki, sosial platformalarda arıqlama ilə bağlı yayılan məlumatların hamısı doğru və sağlam yanaşmanı əks etdirmir. Xüsusilə “insulin dirənci”, “sürətli çəki itkisi”, “detoks”, “möcüzəvi pəhrizlər” kimi mövzular gündəmə gətirilərkən əsasən artıq çəkili insanların nümunə kimi göstərilməsi bəzi şəxslərdə yanlış psixoloji təsəvvürlər formalaşdırır. Bu cür paylaşımlar insanların şüuraltında sağlamlıqları ilə bağlı həddindən artıq narahatlıq və qorxu yaranmasına səbəb ola bilər.

Psixoloqlar qeyd edirlər ki, bəzi hallarda insanlar sosial mediada qarşılaşdıqları məlumatların təsiri altında özlərində müxtəlif xəstəlik əlamətləri axtarmağa başlayırlar. Bu isə psixosomatik təsirlərin yaranmasına gətirib çıxarır. Yəni insan hər hansı ciddi problemi olmasa belə, davamlı şəkildə özünü xəstə hesab edir, stress keçirir və nəticədə həm emosional, həm də fiziki gərginlik yaşayır.

Digər tərəfdən, gənc qızlar və yeniyetmələr arasında da arıqlama mövzusuna maraq sürətlə artır. Lakin onların bir qismi bədən quruluşu, hormonal inkişaf və düzgün qidalanma barədə kifayət qədər məlumata sahib olmadan müxtəlif dietalara əməl edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, nəzarətsiz və ağır pəhrizlər orqanizmdə vitamin çatışmazlığına, hormonal pozuntulara, immun sisteminin zəifləməsinə və qidalanma pozuntularına səbəb ola bilər.

Psixoloqun sözlərinə görə, təcrübədə sosial media fenomenləri, blogerlər və modellər arasında da sürətli arıqlama nəticəsində sağlamlıq problemləri yaşayan şəxslərə tez-tez rast gəlinir. Həddindən artıq çəki itkisi bəzən yorğunluq, depressiya, özünəinam problemləri və digər psixoloji çətinliklərlə müşahidə olunur. Bu səbəbdən mütəxəssislər arıqlama prosesində əsas məqsədin yalnız estetik görünüş deyil, sağlam həyat tərzi və düzgün psixoloji yanaşma olmasının vacibliyini vurğulayırlar”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə