Azərbaycan polisi: gecə, gündüz vətəndaşın yanında

Gecəli-gündüzlü aşayişimizin keşiyində əzmlə dayanan, vəzifə borcunu yuxusundan, istirahətindən önəmli hesab edən, biz yuxudaykən bəzən saatlarla oyaq qalan, məsuliyyətli və çətin peşəsinə daim sevgi ilə yanaşan Daxili İşlər Nazirliyi əməkdaşları, polisimiz hər hansı çətin vəziyyətə düşəndə, zorakılıqla qarşılaşanda da bizim yanımızda, hüquqlarımızın müdafiəsindədir.

Mayın 22-si günorta saatlarında Dənizkənarı Milli Parkda olarkən hücuma məruz qalan gimnastika məşqçisi N.Kərimovanın şikayətyindən sonra Daxili İşlər Nazirliyinin dərhal işə qarışması və qısa zaman ərzində cinayətkarı yaxalayıb zərərsizləşdirməsi bir daha daxili işlər orqanları əməkdaşlarının gərgin və məsuluyyətli vəzifələrini şərəflə, vicdanla yerinə yetirdiklərini ortaya qoydu.

Təbii ki, insan cəmiyyəti varsa, cinayətlər də baş verəcək. Çünki çoxsaylı insan heç də eyni əxlaqa, tərbiyəyə, məsuliyyətə malik deyillər. Onlar arasında narkoman, alkoqol, psixoloji vəziyyəti normal olmayan insanlar var. Və belələri cəmiyyət üçün hər an real təhlükədir. Elə bu səbəbdən də, yəni onların törətdiyi cinayətə, yol verdiyi səhvə görə məsuliyyətə və ya həbsə alınması da çoxsaylı insanlar tərəfindən birmənalı qarşılanmır. Zərərçəkmiş və zərərçəkən nəticədən razı qalır, zərərverən və onun düşünmək qabiliyyətindən uzaq ətrafı isə narazı qalır. Belə olan halda isə polislər haqqında fikirlər də haçalanır və cəmiyyət iki yerə bölünür: polisi sevən və polisi sevməyən.

Bir neçə gün əvvəl başına gələn hadisəni şərh edən N.Kərimova:"Özümü videoya çəkərkən arxadan bir kişi hiss etdirmədən mənə yaxınlaşıb və fiziki təmas edərək təcavüz etdi. O mənə əxlaqsız sözlər dedi. Çəkiliş üçün istifadə etdiyim ştativlə həmin şəxsi vurandan sonra yumruqla çənəmə zərbə endirdi. Mən ona müqavimət göstərdikdə bıçaq çıxarıb üzərimə gəldi, həmin vaxt yaxınlıqdan keçən bir oğlan ona qışqıraraq fikrini yayındırdı və mən oradan uzaqlaşaraq mühafizəçiləri axtarmağa başladım".

Ona kömək edən şəxsə minnətdarlıq edən N.Kərimova hadisə ilə bağlı polisə məlumat verdiyini əlavə edib.

Mediadan əldə olunana məlumata görə, bulvarda xanıma qarşı əxlaqsız hərəkətlər və xuliqanlıq əməlləri törətmiş şəxs artıq müəyyən edilib. Belə ki, Səbail rayonu Dənizkənarı bulvar ərazisində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 47 yaşlı Şamxal Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən 3 ədəd soyuq silah hesab edilən kəsici-deşici alət aşkarlanıb. Həmin şəxs barəsində məsuliyyət tədbirləri görülür.

Göründüyü kimi, zərərçəkənin şikayəti dərhal araşdırılıb, bəli, o, bu operativ xidmətdən təbii ki, razı qalacaq. Lakin zərərverən, yaşından, başından utanmayan 47 yaşlı kişi isə əməllərinin üstü açıldığı, hətta bununla artıq bir neçə dəfə bu əməli törətdiyi sübut olunduğu, ifşa edildiyi üçün razı qalmayacaq. Onun ətrafındakı insanlardan normal olanlar bunu normal, anormal olanlar isə razılıqla qarşılamayacaq. Beləliklə, fikirlər haçalanır və həyatını gecə-gündüz asayişimizə həsr edən polislərimizin belə insanların sosial şəbəkələrdə özləri səviyyədə paylaşımları və onlara eyni səviyyədə rəylər yazan kütlə qarşısında əməyi düzgün qiymətləndirilmir.

Lakin ümumilikdə götürdükdə ölkədə polis haqqında fikirlər müsbətdir, onların fəaliyyətindən cəmiyyət razıdır. Görünən yola bələdçi lazım olmadığı kimi, görünən fəaliyyətə, xidmətə də kənardan müzakirəyə ehtiyac yoxdur: hər gün evdən çıxırıq, hər birimiz öz işimizin ardınca gedirik. Küçədə, metroda, inzibati binaların qarşısında polislərlə qarşılaşırıq. Tanımadığımız ünvanları hər an soruşduğumuz, xoş üzlə, ətraflı cavab aldığımız bizim polislərlə. Bax, onlar artıq saatlardır ki, iş başındadır. Yolda qarşılaşırıq, yaşlı bir insanın qolundan tutub yolu keçməsinə köməklik göstərirlər. Kiminsə sualına cavab verir, azyaşlı bir uşağa kömək edirlər. Parkda, küçədə hər kəsin arasındadır onlar: asayişi qoruyurlar. Ayaq üstədirlər, gəzişir, ətrafa göz gəzdirirlər, sanki bu nəzərlər ətrafa bir sakitlik bəxş edir.

Polisin həm Birinci, həm də İkinci Vətən müharibəsindəki, pandemiya dövründəki fəaliyyətlərini də xatırlayırıq. Torpaqlarımızın azad olunmasında Daxili İşlər Orqanlarının əməkdaşlarının misilsiz əməyi olub. Pandemiya dövründə gözəgörünməz düşmənlə mübarizədə isə polisin zəhməti ölçüyəgəlməzdir.

Bütün dövrlərdə, bütün hadisələrdə bizim polisin əməyi, zəhməti var. Onlar cəmiyyətimizin sakitliyi, dinc yaşayışımız, əmin-amanlığımızdır. İstənilən bir hadisədə polis bizim ədalət carçımızdır. Biz onların araşdırmalarında, təhqiqatlarında haqlı və ya haqsız tərəflər olduğumuzu bir daha dərk edirik.

Geyindikləri uniforma səliqəsi, özünəməxsusluğu ilə diqqəti cəlb edir. Fərqliliyi ilə Azərbaycan polisinin obrazını formalaşdırır təxəyyüllərdə. Bu geyimlə sovet dövründəki Azərbaycan polisinin geyimi müqayisə olunmayan dərəcədədir. Bu geyimlər müstəqil ölkəmizə məxsusluğu ilə adama böyük qürur bəxş edir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən illərdə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilib və zənginləşdirilib. Bu, hüquq-mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır və bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Beləliklə, ötən günlərdə baş verən hadisə fonunda yenə də polisin operativliyini, məsuliyyət və bacarığını müşahidə etdikcə, gecə-gündüz insanların təhlükəsizliyi keşiyində duran çoxsaylı polislərə "var olun",- deyirik. Bütün hava şəraitində bizim polisimiz yenə də öz iş qaydaları, prinsipləri ilə çalışır, vəzifə borclarını ləyaqətlə yerinə yetirir. Onlar daim tələsir. Heç bir hava şəraiti, digər başqa işlər bu tələsmənin qarşısını ala bilmir. Çünki onlar işlərindəki məsuliyyətə alışıb. Bu səbəbdən də tələsməli, hər kəsdən əvvəl oyanmalıdırlar. Bizlər isə işə gedəndə, şəhərə çıxanda onları saatlar öncə iş başında görməyə alışmışıq...

Azərbaycan xalqı həmişə qədirbilən olub. Bu xüsusiyyətimizi itirməyək, qədirbilən, qiymətverən olaq. Yaxşını pisdən ayırmağı bacaraq. Bir müraciətimizlə gecəli-gündüzlü məsələni həll etmədən dinclik tapmayan daxili işlər orqanları əməkdaşlarının çətin və məsuliyyətli vəzifəsinə hörmət və sayğı ilə yanaşaq. Çünki başqasına qoyulan hörmət məhz elə insanın özünə qoyduğu hörmətdən başlayır.

Operativ Azərbaycan polisi, cinayətkarlar cəza aldıqca sizi daha çox sevirik, asayiş daha möhkəm qorunduqca, sizinlə daha çox qürur duyuruq. Sizləri həmişə belə aktiv, məsuliyyətli və zəhmətkeş görmək diləyi ilə...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə