Universitet diplomundan çox praktiki bacarıqlar və texnologiya bilikləri daha vacib olacaq? - AÇIQLANDI

Azərbaycada sosial-iqtisadi inkişaf davam edir və əmək bazarının tələbləri də sürətlə dəyişir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində artıq 6-7 aylıq kurslar və qısa müddətli praktiki proqramlar vasitəsilə əmək bazarına uyğun kadr hazırlığı həyata keçirilir. Xüsusilə Japan kimi inkişaf etmiş ölkələrdə praktik biliklərə əsaslanan təhsil modeli geniş tətbiq olunur. Məqsəd insanların daha qısa müddətdə peşə yiyəsi olması və əmək bazarına hazır şəkildə daxil edilməsidir.

Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

O sözlərinə belə davam edib: “Düşünürəm ki, bizim ölkədə də bu istiqamətdə müəyyən addımlar atılır. Artıq bəzi sahələr üzrə nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə üstünlük verilməyə başlanılıb. Əsas məqsəd əmək bazarının ehtiyaclarına uyğun, peşəkar və çevik kadr hazırlamaqdır. Çünki bəzi ixtisaslarda uzun illər təhsil almaqdansa, daha qısa müddətdə praktiki biliklərin öyrədilməsi daha effektiv nəticə verir.

Gənclər illərlə yalnız nəzəri bilik almaq əvəzinə, real iş mühitində təcrübə qazanmağa daha çox ehtiyac duyurlar. İşəgötürənlər də artıq yalnız diplom deyil, praktiki bacarıq tələb edirlər. Bu baxımdan, təhsil sistemi ilə əmək bazarı arasında uyğunluğun yaradılması vacib məsələlərdən biridir.

Son illərdə bu sahədə müəyyən yeniliklər müşahidə olunur. Hesab edirəm ki, gələcəkdə də qısamüddətli peşə hazırlığı proqramlarının genişlənməsi və praktik biliklərə əsaslanan təhsil modelinin inkişafı əmək bazarı üçün daha keyfiyyətli mütəxəssislərin hazırlanmasına ciddi töhfə verəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə