"Regional inkişaf proqramları Azərbaycan kəndini və aqrar sektorunu dirçəldib" - ŞƏRH

"2003-cü ildə prezident vəzifəsinə başlayan İlham Əliyevin ilk prioritetlərindən biri regional inkişaf proqramı olmuşdu. O proqram yalnız bir addımla məhdudlaşmadı, ardıcıl qəbul edilən bir neçə beşillik proqram çərçivəsində bölgələr yenidən dirçəldi, məşğulluq artdı, nəhəng infrastruktur layihələri icra edildi. Prezident müşavirədə bu tarixə nəzər salaraq bildirdi ki, o illərdə rayonlarda qaz demək olar ki, yox idi, elektrik fasilələri hətta Bakıda belə dözülməz həddə çatmışdı, avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat sistemlərinin vəziyyəti də kritik idi".

Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, illər keçdikcə tablo kökündən dəyişdi: qazlaşma (azad edilmiş torpaqlar istisna olmaqla) 96 faizə çatdı, elektrik enerjisi ilə təchizat problemsiz həyata keçirilir, hətta ixrac potensialı da yaradılmışdır:

"Magistral yollar, şəhərlərarası və kənd yolları inşa edilmiş, Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi böyük su anbarları tikilmişdir. Prezident sektora verilən dövlət dəstəyinin nəticələrini konkret nümunələrlə şərh etdi. Pambıqçılıq buna ən parlaq misaldır. bir zamanlar hektardan cəmi 1 ton məhsul götürülürdü, ümumi istehsal isə 20 min tona düşmüşdü. Görülmüş tədbirlər sayəsində bu gün istehsal həcmi 360 min tonu ötüb keçib, hektardan məhsuldarlıq isə 3,6 tona çatıb. Bu sovet dövrünü belə keçən tarixi rekorddur. Baramaçılıq sahəsi faktiki olaraq tənəzzülə uğramışdı, lakin dövlət dəstəyi ilə bərpa edildi. Üzümçülük, fındıqçılıq, sitrusçuluq, pambıqçılıq sektorlarının hər biri üzrə ayrıca dövlət proqramları qəbul edilərək sahələrə güclü təkan verildi. Müşavirədə Prezident Əliyev açıq şəkildə qeyd etdi ki, son illər kənd təsərrüfatı istehsalının dinamikası onu qane etmir. Xüsusilə buğda məsələsi diqqət mərkəzinə çəkildi: Azərbaycan bu əsas ərzaq maddəsini yalnız 55 faiz özü istehsal edir, 1 milyon 267 min tonu isə idxal etmək məcburiyyətindədir.

Bu idxalın azaldılması müşavirənin mərkəzi hədəflərindən biri kimi müəyyən edildi. Dünya miqyasında gedən proseslər, müharibələr, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı çox sayda ənənəvi kənd təsərrüfatı istehsalçısını çətin vəziyyətə salmışdır. İqlim dəyişkənliyi də bu sıradadır. Prezident may ayında Bakıda müşahidə olunan qeyri-adi yağışları misal kimi çəkdi: bu hadisələr bir tərəfdən fəsadlar törədir, digər tərəfdən isə su ehtiyatlarını artırır. Müşavirənin önəmli konseptual müddəalarından biri kəndin yenidən cazip hala gətirilməsi mövzusu idi. Prezident bu barədə Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumuna istinad edərək bildirdi ki, urbanizasiya — yəni kəndlərdən şəhərlərə axın — bütün dünyada mənfi meyildir.

Azərbaycanın məqsədi isə bunun tam əksini reallaşdırmaqdır. kəndlə şəhər arasındakı fərqləri azaltmaqla insanları öz dədə-baba torpaqlarında saxlamaq, onları əkin-biçin, turizm, xidmət sahələrini inkişaf etdirməyə sövq etmək hədəflənir. Bu istiqamətdə regional inkişaf proqramları çərçivəsında bütün rayon mərkəzlərində müasir xəstəxanalar açılmış, geniş miqyaslı məktəb tikintisi həyata keçirilmişdir. Mövcud 4 mindən çox məktəbin 80–90 faizi artıq təmir edilib və ya yenidən inşa olunub.

Kənd təsərrüfatının inkişafında su məsələsi həlledici rol oynayır. Prezident bu sahədə görülmüş işləri ətraflı şərh etdi. Taxtakörpü, Şəmkirçay, Göytəpə su anbarlarından tutmuş azad edilmiş torpaqlardakı Köndələnçay, Xaçınçay, Suqovuşan, Sərsəng, Zabuxçay su anbarlarının bərpasına qədər böyük layihələr həyata keçirilmişdir.

Qarabağ və Şərqi Zəngəzurda 25 faizə qədər su ehtiyatı formalaşır. Şirvan kanalının beton örtüklü tikintisinə artıq başlanmış, gələn il istifadəyə verilməsi gözlənilir. Qarabağ kanalının yenidən qurulmasına başlanmış, bu kanalların işə düşməsi ilə 200–300 min hektar torpağa su veriləcəkdir. Torpaqdan səmərəli istifadə mövzusunda Prezident torpaq pasportunun yaradılmasını, yəni hər əkin sahəsinin dəqiq analizinə dayanan, süni intellekt, peyk texnologiyaları və sahə tədqiqatlarından istifadə edən elektron sistemin qurulmasını vacib hədəf kimi müəyyən etdi. Müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur; bu rəqəmin 300 min hektara çatdırılması məqsəd kimi qarşıya qoyulub. Kənd təsərrüfatı texnikası parkı son 20 il ərzində tamamilə yenilənib; indi texnikanın bir hissəsi Azərbaycanda özündə istehsal edilir. Gübrə məsələsində isə Karbamid zavodu azot gübrələrini nəinki daxili tələbatı ödəyir, həm də ixrac edir. Lakin müxtəlif növ gübrə tələbatını ödəmək üçün xarici şirkətlərlə qarışıq gübrə istehsalının qurulması müzakirə edilir.

Müşavirənin kulminasiyasını "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təşkil etdi. Prezident bu proqramın qısamüddətli, konkret və hərtərəfli olmasını, həm dövlət, həm özəl sektor investisiyalarını əhatə etməsini vurğuladı. 2026-cı ilin yarısı artıq arxada qaldığından cəmi dörd il yarım qalır — Prezident vəsaitin dərhal bu il ayrılmasını tapşırdı. Subsidiyalar mövzusunda da mühüm prinsiplər irəli sürüldü. Subsidiyalar çevik olmalı, hər il yenidən nəzərdən keçirilməli, həm rayon, həm məhsul növü üzrə fərqləndirilməli, daxili tələbat və ixrac imkanlarına uyğun tənzimlənməlidir. Sabit subsidiya siyasəti artıq qəbuledilməzdir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə