“Azərbaycan-Qazaxıstan münasibətləri regional və qlobal təsirə sahibdir” - ŞƏRH OLUNDU
“Prezident İlham Əliyevin son müsahibəsində verdiyi mesajlar Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişaf istiqamətini və ümumilikdə region üçün əhəmiyyətini ortaya qoyur. O, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusən də Qazaxıstanla əlaqələrə xüsusi önəm verdiyini bir daha təsdiqlədi. Prezident qeyd etdi ki, bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, bütövlükdə bölgədə ciddi dəyişikliklərə yol aça biləcək strateji potensiala malikdir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycan və Qazaxıstanın böyük beynəlxalq nəqliyyat marşrutları üzərində yerləşməsi, onların geostrateji mövqeyini daha da gücləndirir: “Hər iki ölkədə iqtisadi inkişaf və beynəlxalq logistika sahəsində ciddi infrastruktur layihələri həyata keçirilir. Bu baxımdan, Orta Dəhlizin inkişafında birgə əməkdaşlıq xüsusi yer tutur. Prezident bu kontekstdə Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, Bakı və Aktau limanları arasında əlaqələrin gücləndirilməsi zərurətinə də toxundu.
Müsahibədə həmçinin Zəngəzur dəhlizinin Orta Dəhlizin vacib bir hissəsi kimi aktuallaşdırılması məsələsinə diqqət çəkildi. Prezident bu dəhlizin açılmasının Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiyanın sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi. Eyni zamanda, Ermənistanla münasibətlər və sülh prosesinin irəliləməsinin Qazaxıstan da daxil olmaqla region ölkələrinin marağında olduğu qeyd edildi. Bu əməkdaşlıq həm də Avropa ilə Asiya arasında iqtisadi körpünün möhkəmləndirilməsi deməkdir. Nəticə etibarilə prezidentin açıqlamaları Azərbaycan-Qazaxıstan münasibətlərinin artıq sadəcə ikitərəfli əlaqələrdən ibarət olmadığını, bu əməkdaşlığın daha geniş regional və qlobal təsirə sahib olduğunu göstərir. Bu yanaşma, konkret addımların atılması və real layihələrin reallaşdırılması ilə müşayiət olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB