"Sülh o qədər uzaqda deyil" - ŞƏRH EDİLDİ

“Azərbaycan və Ermənistan arasında son dövrlər sülh istiqamətində mühüm addımlar atılır, bir sıra görüşlər keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu görüşlər təhlükəsizlik sisteminin dayanıqlı olması üçün çox böyük əhəmiyyət kəsb edir:

“Bir tərəfdən Azərbaycan Qazaxıstandan gələn taxılın öz ərazisindən keçməklə Gürcüstan və Ermənistana çatdırılmasına dair məhdudiyyətləri aradan qaldırır. Digər tərəfdən Ermənistanda vətəndaş cəmiyyətinin üzvlərinin heç bir vasitəçi olmadan görüşü keçirilir. Hər iki ölkənin parlament spikerlərinin Cenevrədə görüşü baş tutdu. Bütün bunların eyni periodda baş verməsi bizdə əminlik yaradır ki, sülh o qədər uzaqda deyil. Qarşılıqlı addımlar, sülh istiqamətində pozitiv məqamlar gələcək təhlükəsizlik çağırışlarına da uyğundur. Hesab edirəm ki, gələcəkdə də Ermənistan tərəfindən Azərbaycanın müsbət jestlərinə cavab olaraq müsbət addımların atılması gözlənilir. Bu addımlar nə qədər tez olsa, o qədər də sülhü bir qədər yaxınlaşdırmaq olar. Ermənistan öz konstitusiyasında dəyişiklik edərək, Azərbaycana qarşı ərazi iddialarına hüquqi müstəvidə son qoysa, tələblərimiz yerinə yetirilsə, sülh müqaviləsi imzalana bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə