Müvafiq bilik çatışmazlığı ilə üzləşmişik - Nazir

Qlobal miqyasda və regional səviyyədə tanınacaq beynəlxalq mübahisələrin həlli üzrə mərkəzin yaradılmasının şahidi oluruq. SİA xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov Bakı Arbitraj Mərkəzinin açılışına həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı bildirib

Nazir deyib ki, hər bir biznes fəaliyyəti kimi iqtisadi canlanma da müəyyən mübahisələrin yaranmasına gətirib çıxarır: “Biz maliyyə axınlarını idarə etməkdə kifayət qədər bacarıqlı olsaq da, mübahisələrin həlli sahəsində uzun müddət təcrübə və müvafiq bilik çatışmazlığı ilə üzləşmişik. Müstəqilliyin ilk illərində hüquqşünaslarımızın əksəriyyəti Sovet İttifaqında təhsil almışdı və alternativ mübahisə həlli xüsusilə arbitraj kimi anlayışlar onlara, demək olar ki, tamamilə yad idi. Lakin nisbətən qısa bir zaman ərzində bu sahədə nəzərəçarpacaq inkişaf baş verib. Artıq bizdə beynəlxalq arbitraj proseslərinə dərindən bələd olan, bu sahədə ixtisaslaşmış yeni nəsil gənc hüquqşünaslar formalaşıb. Onlar təkcə beynəlxalq arbitraj məhkəmələrində iş aparmaq bacarığına malik deyillər, eyni zamanda, müxtəlif arbitraj panellərində arbitr kimi fəaliyyət göstərmək imkanına da sahibdirlər. Bu inkişaf, şübhəsiz ki, ölkəmiz üçün çox müsbət və sevindirici göstəricidir. Bu gün keçirilən tədbir həmin inkişafın bariz təcəssümüdür. Belə bir mərkəzin yaradılması Azərbaycanın hüquq sisteminin beynəlxalq arenaya inteqrasiyası və ədalətli mübahisə həlli mexanizmlərinin qurulması istiqamətində mühüm addımdır”, - deyə Fərid Əhmədov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə