Xocalının Seyidbəyli və Daşbulaq kəndlərində 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün köç karvanı ilə Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə Seyidbəyli kəndində 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndində isə 8 ailə olmaqla 24 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, hər iki kənddə müasir infrastruktur qurulub. Sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. Kəndlərdə bərpa-quruculuq işləri planlı şəkildə aparılır, müasir yaşayış evləri, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə