Azərbaycan və qazax xalqlarını eyni soykökə əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir - Vüqar Rəhimzadə
Xarici siyasətimizin prioritet istiqamətlərindən olan müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev yeni dövrün mühüm hadisəsi olan 7 fevral 2024-cü il tarixdə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən müstəqil, prinsipial xarici siyasətin bizim əsas istiqamətimiz olduğunu önə çəkib bu çağırışı etdi ki, İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.
Qarşılıqlı səfərlərin fonunda Azərbaycanın əməkdaşlığa necə böyük önəm verdiyi aydın şəkildə görünür. Bu günlərdə Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri qədim tarixə malik olan Azərbaycan-Qazaxıstan münasibətlərinin təhlilini bir zərurətə çevirdi. Prezidentlərin təkbətək görüşü Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışları, mətbuata birgə bəyanatları, onların iştirakı ilə 10-dan artıq sənədin imzalanması və sair kimi məqamlar iki qardaş ölkənin keçdiyi inkişaf yoluna işıq saldı. Dövlət başçılarının təkbətək görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir” fikrinin davamı olaraq onu da qeyd etdi ki, Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyük prioritetdir. Dövlət başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik. Tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, səfər şərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır. Bu layihələr Azərbaycanın tranzit imkanlarının təqdimatıdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan yeni körpülərin qurulmasında, ölkələrin birləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında da bu məsələlərə xüsusi diqqət yönəldildi. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında “Biz, həmçinin bu gün Orta Dəhliz üzrə keçirilən qısa təqdimat çərçivəsində fikir mübadiləsi apardıq” söyləyərək onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin yaxın illərdə açılması nəqliyyat və logistika ilə bağlı məsələlərdə ötürücülük qabiliyyətini xeyli artıracaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, prezidentlərin mətbuata birgə bəyanatlarında Bakı və Astananın fəal qarşılıqlı fəaliyyətinin ciddi geosiyasi əhəmiyyət daşıdığını diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir. Zəngəzur dəhlizinin açılması məsələsindən danışan Azərbaycan Prezidenti qeyd etdi ki, hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Azərbaycan Prezidenti ümid etdiyini bildirib ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər.
Millət vəkili bildirib ki, Azərbaycan və Qazaxıstan Prezidentləri mətbuata bəyanatlarında perspektivlərdən bəhs etdilər. Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vurğuladı ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və tərəflər məmnunluqla bildirdilər ki, biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik. Hər iki tərəf müştərək müəssisələrin yaradılmasına marağını ifadə etdi və bildirildi ki, bu məsələdə əhəmiyyətli irəliləyişlər var. Diqqətə çatdırıldı ki, transformatorların birgə istehsalını təşkil etmək planlaşdırılıb, mənzil və infrastruktur obyektlərinin tikintisi aparılır, gəmiqayırma sahəsində birgə layihələr hazırlanır. Hökumətlərə bu istiqamətləri nəzarətdə saxlamaq və ən qısa müddətdə sənaye əməkdaşlığının inkişafı üzrə plan və ya yol xəritəsi qəbul etmək tapşırılıb. Perspektivli, qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi üçün Qazaxıstan-Azərbaycan birbaşa investisiyalar fondunun fəaliyyətinin aktivləşdirilməsi qərara alındı. İki ölkənin işgüzar dairələri arasında təmasların gələcəkdə də genişləndirilməsinin zəruriliyi qeyd olundu. Bununla bağlı səfər çərçivəsində keçirilən Qazaxıstan-Azərbaycan biznes-forumu böyük əhəmiyyətə malikdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan və Qazaxıstanın ikitərəfli gündəliyi genişdir. Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu gələcəyindən xəbər verən mühüm amillərdən biri də imzalanan sənədlərdir. Hər bir sənəd əlaqələrin inkişafında yeni imkan deməkdir. Əlaqələrdə energetika sahəsinə xüsusi önəm verilir ki, bu, özünü imzalanan sənədlərdə də aydın şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişinin imzalanması da bunun təsdiqidir. İstər ənənəvi, istərsə də yaşıl enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün imkanlar artır. Enerji sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin su altında elektrik kabelinin çəkilməsidir. Bu, yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək. Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü çərçivəsində böyük iş aparılır.
Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki, xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimiz bu möhkəm bünövrə üzərində qurulur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB