Mustafa Nəsirovun xatirəsinə həsr olunan tədbir keçirilir - YENİLƏNİR/FOTOLAR

Bakıda “Bakı Dünya Məktəbi” və “24 İNFO MEDIA” informasiya portalının təşkilatçılığı ilə Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun xatirəsinə həsr olunan tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra qonaqlar Azərbaycanın ilk sərhədçi generalının həyat və qəhrəmanlıq yoluna həsr olunmuş “Sərhəd Fədaisi” adlı sənədli filmi izləyiblər.

Tədbirdə general Mustafa Nəsirovun ailə üzvləri, ictimai xadimlər, media nümayəndələri, müəllimlər və şagirdlər iştirak edirlər.

İştirak edənlər arasında “Bakı Dünya Məktəbi”nin Azərbaycan və rus bölmələri üzrə direktoru Mərifə Mədətli, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Sahil Kərimli, “SƏS Media Qrup”un rəhbəri Bəhruz Quliyev, ikiqat dünya və paralimpiya çempionu, I Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, tarixçi alim Dilqəm Əhməd, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu, eləcə də generalın qızı İradə Nəsirova və gəlini Nərgiz Nəsirova yer alırlar.

Tədbir çərçivəsində məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olunur. Eyni zamanda Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunan “Sərhəd Fədaisi – Mustafa Nəsirovun həyat və qəhrəmanlıq yolu” adlı inşa müsabiqəsinin qaliblərinin və fəal iştirakçılarının təltifetmə mərasimi keçirilir.

Qeyd edilib ki, müsabiqədə ümumilikdə 40-a yaxın şagird iştirak edib, onlardan 3 nəfəri qalib elan olunub. Müsabiqəyə təqdim olunan bütün inşalar Mustafa Nəsirovun Dərbənd şəhərində yerləşən ev muzeyində nümayiş etdiriləcək və xatirə olaraq saxlanılacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə