İnşa müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib -YENİLƏNİB/FOTOLAR

Bakı Dünya Məktəbində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun xatirəsinə həsr olunan “Sərhəd Fədaisi – Mustafa Nəsirovun həyat və qəhrəmanlıq yolu” adlı inşa müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. SİA xəbər verir ki, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun həyat və fəaliyyətinə həsr olunan “Sərhəd Fədaisi” sənədli filmi nümayiş olunub. “24İNFO MEDİA”nın təsisçisi Mehman Davudoğlu qeyd edib ki, 25 oktyabr Mustafa Nəsirovun doğum günüdür. Bu münasibətlə “Bakı Dünya Məktəbi” və “24 İNFO MEDİA” informasiya portalı ölməz şəxsiyyətin xatirəsinə həsr olunan “Sərhəd Fədaisi – Mustafa Nəsirovun həyat və qəhrəmanlıq yolu” adlı, ingilis dilində inşa müsabiqəsi təşkil edib. O, yüksək təşkilatçılığa görə məktəbin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Sonra mükafatlandırılma mərasimi baş tutub. Qaliblərə diplom və hədiyyələr, iştirakçılara eləcə də onların müəllimlərinə təşəkkürnamələr verilib. Tədbirin sonunda Vətən Müharibəsi qəhrəmanları çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib. “Zəfər Günü” ərəfəsində vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. Bakı Dünya Məktəbində təhsil alan şagirdlərə uğurlar arzulayıb və onlara hədiyyələr təqdim edib.

Qeyd edək ki, yeniyetmələr arasında vətənpərvərlik dəyərlərinin təbliği və general Mustafa Nəsirovun şərəfli həyat yolunun tanıdılması məqsədilə təşkil olunan müsabiqədə Bakı Dünya Məktəbinin 9-14 yaşlı 40-a yaxın şagirdi iştirak edib. İngilis dilində yazılan inşalar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Təqdim olunan inşalar Mustafa Nəsirovun Dərbənd şəhərində yerləşən ev muzeyində təqdim olunacaq və xatirə olaraq saxlanılacaq.

Xatırladaq ki, tədbir çərçivəsində Bakı Dünya Məktəbinin şagirdlərinin iştirakı ilə “Əsgərə Məktub” layihəsi də keçirilib. Məktublar təşkilatçılar tərəfindən Şuşa və Xankəndidə xidmət göstərən əsgərlərimizə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə