“Cəmiyyət olaraq hər birimizin bu məsələdə ictimai məsuliyyəti var” - MÜNASİBƏT BİLDİRİLDİ
“Son illərdə cəmiyyətimizdə baş verən sürətli dəyişikliklər həm müsbət, həm də mənfi nəticələrə səbəb olub. Xüsusilə gənclər və yeniyetmələr arasında bəzi mənfi tendensiyalar getdikcə daha da yayılmağa başlayıb. Bu dəyişikliklər həm real həyatla, həm də virtual mühitlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, gənclər arasında tütün, alkoqol, energetik içkilər, fast-food və digər zərərli məhsullara maraq artıb: “Bu vərdişlər təkcə sağlamlığa zərər vermir, həm də sosial və psixoloji problemlərə yol açır. Digər tərəfdən, gənclər arasında texnologiyaya asılılıq, xüsusilə də smartfonlar, sosial şəbəkələr və onlayn oyunlara meyil ciddi narahatlıq doğurur. Bu asılılıq sosial təcrid, ailə və dost münasibətlərində gərginlik, təhsil və şəxsi inkişafda geriləməyə səbəb olur. Hətta bəzi hallarda bu asılılıqlar cinayətə və ya digər ağır nəticələrə gətirib çıxarır. Hazırda Azərbaycanda bu məsələlərlə bağlı geniş araşdırmalar və rəsmi statistika yoxdur. Lakin müşahidələr göstərir ki, boş vaxtın artması, fiziki əmək və sosial fəaliyyətin azalması, ailə və təhsil müəssisələrinin nəzarətinin zəifləməsi bu problemlərin yayılmasına şərait yaradır.
Bir çox ailələrdə uşaqların sayı azaldığı üçün hər hansı bir mənfi hadisə ailəyə və hətta bütöv nəslə ağır təsir göstərə bilir. Bunun qarşısını almaq üçün gənclərə real maraqlarına cavab verən layihələr, məşğulluq imkanları və maarifləndirmə proqramları təklif olunmalıdır. Cəmiyyət olaraq hər birimizin bu məsələdə ictimai məsuliyyəti var. Gənclərin sağlam, mənəviyyatlı və faydalı bir fərd kimi yetişməsi üçün bütün qurumlar və şəxslər üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir. Əks halda, gələcəkdə daha dərin sosial və psixoloji fəsadlarla qarşılaşa bilərik”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB