"Texnologiyadan həddindən artıq istifadə diqqəti zəiflədir" - AYDINLIQ GƏTİRİLDİ
"Son illərdə texnologiyanın sürətli inkişafı gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, rəqəmsal alətlərə, sosial media platformalarına və onlayn məzmunlara asan çıxış bir tərəfdən öyrənmə imkanlarını genişləndirir, digər tərəfdən isə müəyyən mənada öyrənmə prosesinə mənfi təsir göstərir: "Müşahidələrə əsasən, texnologiyadan həddindən artıq istifadə gənclərin diqqətini cəmləmək qabiliyyətini zəiflədir, öyrənmə motivasiyasını azaldır və onları real sosial münasibətlərdən uzaqlaşdırır. Sosial şəbəkələrdə və oyun platformalarında uzun müddət vaxt keçirmək nəticəsində gənclərin vaxt idarəetmə bacarıqları zəifləyir, bu isə akademik göstəricilərə mənfi təsir göstərir. Bununla belə, düzgün istiqamətləndirmə və balanslı istifadə texnologiyanı təhsildə güclü vasitəyə çevirə bilər. İnteraktiv dərs resursları, rəqəmsal laboratoriyalar, onlayn kurslar və tədris platformaları şagird və tələbələrə fərdi tempdə öyrənmək imkanı yaradır, yaradıcılığı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir.
Təhsil sisteminin əsas məqsədi texnologiyanı məhdudlaşdırmaq deyil, onunla bağlı rəqəmsal savadlılıq və məsuliyyətli istifadə vərdişlərini formalaşdırmaq olmalıdır. Məktəblərdə və universitetlərdə rəqəmsal balansın qorunması, ekran vaxtının idarə olunması, onlayn təhlükəsizlik və informasiya etibarlılığı ilə bağlı təlimlər təşkil edilməli, müəllimlər bu istiqamətdə əlavə dəstək almalıdırlar. Yalnız bu halda texnologiya gənclərin təhsilinə maneə deyil, onların inkişafı üçün güclü dəstək vasitəsinə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB