“Dünyada ana və Vətəndən şirin heçnə yoxdur” - SORĞU

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 83 nəfər köçürülüb.

SİA olaraq Laçın sakinlərinin təəssüratlarını öyrəndik:

Laçın sakini Mahizər Allahverdiyeva: “92 yaşım var, 30 ildir ki, yurdumdan uzaq düşmüşdüm. Bu gün ata-baba elimə qayıtdığım üçün çox sevincliyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığa versin. Dövlət başçımız İlham Əliyevin gücü sayəsində bu gün torpaqlarımıza geri qayıda bilirik”.

Laçın sakini Eyvaz Rüstəmov: “35 yaşımda Laçından çıxmışam, illər sonra doğma yurdumuza qayıtmaq bizi çox sevindirir, həm də kövrəldir. İndi isə dövlətimiz bizə Laçın şəhərində yenidən gözəl şərait yaradıb, ora gedə bilməyimiz üçün lazımi hər bir şeylə təmin olunmuşuq. Həyatdakı ən böyük xoşbəxtlik bizə nəsib olub, illər sonra yurdumuza qovuşuruq.

Biz xoşbəxt insanlarıq ki, İlham Əliyev kimi dövlət başçımız və güclü ordumuz var. Allah bizə qələbə sevincini yaşadan şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin”.

Laçın sakini Mehriban Allahverdiyeva: "1992-ci ildən çıxıb, həsrətində qaldığımız torpaqlarımıza bu gün geri qayıdırıq. Bu bizim üçün böyük bir sevinc və şərəfdir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Prezident İlham Əliyev sayəsində həsrətində qaldığımız yurd-yuvamıza geri dönürük. Dünyada ana və vətəndən şirin heçnə yoxdur”.

Laçın sakini Valod Quliyev: “30 ildən sonra ata torpağıma gedirəm. Ordumuz və Prezidentimiz sayəsində bu gün bu sevinci yaşaya bilirik. Ordan ailəmlə, əmilərimlə çıxmışdıq. İndi isə yoldaşımla geri dönürəm. Nə anam, nə atam var. Amma getdiyim yer ata yurdumdu. Bundan sonra Azərbaycan xalqı hər zaman əmin-amanlıqda yaşayacaq”.

Laçın sakini Əntiqə Məmmədova: “Bu gün doğma yurdumuza qayıda bilməyimiz üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qələbə qazanmağımızda əziyyət çəkən dövlət başçımızın yolu hər zaman açıq olsun. Mənim altı övladım var, cəmi birinin toyunu Laçında edə bilmişəm. Bu gün isə bütün ailəmizlə birlikdə doğma elimizə geri dönürük”.

Laçın sakini Fərzəli Surxayev: “Çox şükür ki, 30 ildən sonra Laçın kimi gözəl şəhərimizə qayıdırıq. Bu gün həm sevincli, həm də qürurluyuq. Dünya var olduqca, Azərbaycan bayrağı daha yüksəklərdə, bütün torpaqlarımızda qürurla dalğalansın. Laçından çıxdıqda ailəmiz çox böyük idi, bu gün isə yoldaşımla qayıdıram. Burda qalanlar da yavaş-yavaş öz ata yurdlarına geri dönəcəklər”.

Laçın sakini Cümşüd Quliyev: “30 ildən sonra yenidən Laçına ayaq basacam. Bu sevinci bizə yaşatdığı üçün başda Prezident İlham Əliyev olmaqla, şəhidlərimiz və qazilərimizə borcluyuq. Laçından 35 yaşımda çıxmışdım. Artıq uzun illər keçib, bu gün qohumlarımla birgə böyüdüyüm ata elimə geri dönürəm. Bu sevinc ümidvaram ki, qısa zamanda Vətən həsrəti çəkən hər kəsə nəsib olar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə