"Hələ də o anları xatırladıqda gözlərim dolur" - DÖYÜŞÇÜNÜN TƏƏSSÜRATI

“2020-ci il sentyabrın 27-də Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti qismən səfərbərlik elan etdikdən sonra Xətai Rayon Hərbi Komissarlığına könüllü olaraq müraciət etdim. Oktyabrın 1-i Xüsusi Təyinatlı Qüvələrin tərkibinə könüllü kimi çağırıldım. Mülki həyatda video-operator vəzifəsində çalışdığım üçün məni dron heyətinə qəbul etdilər. Xüsusi təlimlər keçdikdən sonra Cəbrayıl şəhərinə gəldik. Daha sonra Xüsusi Təyinatlılarla bərabər Xocavənd rayonunun Hadrut kəndinin işğaldan azad olunmasında iştirak etdim”. Bu sözləri Vətən Müharibəsi iştirakçısı Çingiz Abdullayev Hadrut döyüşü haqqında təəssüratlarını SİA ilə bölüşərkən deyib.

O bildirib ki, döyüşlər zamanı itkilərimiz, yaralılarımız olmasına baxmayaraq torpaqlarımızın azad olunmasında xidmət göstərmək çox qürurverici idi: “Baxmayaraq ki, həmin döyüşlərdən 3 il keçib, amma hər şeyi bugünkü kimi xatırlayıram. Ali Baş Komandanın ətrafında hər bir azərbaycanlı sıx birləşdi. Xüsusi Təyinatlı Qüvvələrin mənsubları biz könüllülərə çox böyük dəstək oldular. Mülki şəxslər olmağımıza və onlar qədər hərbi təcrübəyə malik olmamağımıza rəğmən bizə böyük motivasiya, ruh yüksəkliyi verirdilər. Hər bir bölgəmizin işğaldan azad edilməsi bizə daha da güc verirdi. Hadrut döyüş istehkamları güclü olan ərazi idi. Amma biz sonuna qədər döyüşdük. Ermənilər təslim olmaq istəmirdilər. Onların bütün dirənişləri puç oldu”.

“Mən və mənim kimi minlərlə əsgər və zabitlər var idi ki, yaralı olduğu halda döyüş meydanını tərk etmirdilər. Döyüş vaxtı hər kəs bir-birinə kömək göstərirdi. Deyə bilərəm ki, həmin vaxt heç əsgər-zabit fərqi yox idi. Hamı bir-birinə qardaş idi. Mən özüm də Xocavənd rayonunun Böyük Tağlar kəndində ayağımdan yaralanmağıma baxmayaraq komandir heyətimin ilkin tibbi yardımı ilə döyüşdən kənarda qalmadım. Nəhayət, sona qədər getdik və Şuşanı da azad etdik. Buna görə də Ali Baş Komandan Cəbrayılın, Xocavəndin və Şuşanın azad olunmasına görə, hərbi hissədə fərqlənməyimə görə medallarla təltif edib. Eyni zamanda, Baş Nazir Əli Əsədovun sərəncamı ilə “Vətən Müharibəsi İştirakçısı” medalı ilə təltif olunmuşam.

Son olaraq qeyd edim ki, hazırda çalışdığım işlə bağlı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə oluram. 44 günlük müharibədən iki il sonra Hadrut qəsəbəsində, döyüşdüyüm yerlərdə oldum. Həqiqətən döyüşdüyün torpaqlara qalib vətəndaş, qalib əsgər kimi getmək çox qürurvericidir. O anları xatırladıqda hələ də pis oluram. Şəhidlərimiz, qazilərimiz gözümün önündə canlanır. Amma nəticə etibarilə terrorçu erməni qruplaşmalarını məhv etdik və qalib gəldik”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə