Prezidentin mesajı separatçılar üçün son şansdır - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə Qarabağ ermənilərinə və həm də onları separatçılıq azarına tutduran, yoluxduran Ermənistandakı dairələrə səslənib. Bildirib ki, “buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə”. Prezidentimiz onlar üçün qalan yeganə imkanlara da toxunub, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz “saxta dövlət atributları”nı zibil yeşiyinə atmaq və “parlament”i buraxmaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezidentimizin söylədikləri ermənilər, daha doğrusu separatçılar üçün son şansdır: "Azərbaycan tərəfi bütün görüşlərdə, Prezidentin çıxışlarında daim vurğulanıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə inteqrasiya etməlidirlər və bunun alternativi yoxdur. Ya ermənilər Azərbaycan qanunlarına tabe olmalı, ya da özlərinə başqa ölkə seçməlidirlər, başqa yol yoxdur. Əslində sadə ermənilərə qalsa, bu məsələ öz həllini çoxdan tapmışdı. Amma separatçıların hələ də bu insanları əsarətdə saxlamaları məsələni sülh yolu ilə həll etmək imkanlarını bloklayır. Onlar bölgədə gərginliyi daim saxlamağa çalışırlar, beynəlxalq təşkilatların, bəzi olkələrin rəhbərlərinə etdikləri şikayətin məğzində də bu dayanır. Separatçılar. əslində sülhə qarşıdırlar. Çünki sülh-əmin-amanlıq şəraitində onlara maliyyə yardımı edən kimsə olmayacaq. Bir sözlə, separatçıların “çörəyi” çaxnaşmadan, qarşıdurmalardan, münaqişə və müharibədən çıxır. Azərbaycanın Xankəndidəki ermənilərə etdiyi inteqrasiya təklifinin qəbul edilməməsinin əsl səbəbi də budur. Azərbaycan bir neçə dəfə inteqrasiya prosesi çərçivəsində görüş keçirmək ermənilərə təklif göndərib. Amma separatçılar hər dəfə bu təklifə rədd ediblər".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə