Rusiya alkoqoldan imtinada “lider” ölkəyə çevrilir?

Ölkənin zəifləmiş iqtisadiyyatına kömək üçün daha çox içmək və siqaret çəkmək lazımmış...

...Hansı mənbələrə istinad etdiklərini bilmirəm, amma bu gün bəzi rus nəşirləri Rusiyanın alkoqol istehlakının azaldılmasında “lider” ölkələr “sırasına qoşulduğunu” iddia edirlər. Əslində, bu elə də inandırıcı görünməsə də, amma, çətin də olsa, adam özünü inanmağa məcbur etmək istəyir(?).

Elə bu ərəfədə, yəni ruslar alkoqollu içkiləri azaltmaq sahəsində “əldə etdikləri lider”liklərini dünyaya bəyan etməyə hazırlaşırdılar ki, onlara müxtəlif ölkələrdəki bu sahə ilə məşğul olan mütəxəssislərdən “iradlar” gəlməyə başlayıb.

Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı bu gün “lider” ölkə...Rusiyada hər beş nəfərdən birinin alkoqollu içki səbəbindən öldüyünü bildirir.

Burada mən, bəlkə sizə də maraqlı görünə biləcək bir nüansa diqqət çəkmək istəyirəm. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı “hər beş rus” deyərkən onları qadın və ya kişiyə bölmür. Çünki hələ XIV əsrdə Rusiyaya səfər edən ərəb səyyahı Əhməd ibn Fadlan yazırdı ki, Rusiyada sərxoşluq kişilərlə qadınlar arasında mənəvi və dünyəvi olaraq yayılıb.

Hələ ərəb səyyahından xeyli əvvəl knyaz Vladimir yazmışdı ki, “...içki rusların sevincidir, onsuz ola bilməz”.

Qeyd edək ki, hələ 20 il bundan əvvəl xarici mənbələrdə yer alan məlumatların birində 144 milyon əhalisi olan Rusiyada 20 milyondan artıq insanın alkoqol olduğunu bildirilirdi.

Yeri gəlmişkən bildirim ki, amerikalı yazıçı Ernest Heminqueyinin gözəl bir fikri var. O yazıb ki, “...ağıllı bir insan bəzən axmaqlarla ünsiyyətə dözmək üçün sərxoş olmağa məcbur olur”. Amma, sən demə, “Rusiyadakı alkoqolizm daimi və əbədi bir şeydir”. Deyim ki, bunu da rusların içkidən imtina etmələri ilə bağlı “lider”liyinə şübhə edənlər iddia edir. Onu da deyim ki, onların bunu deməyə, haradasa, “əsasları” da var.

Xatırladım ki, Rusiya hökuməti dəfələrlə ölkədəki alkoqolizmə qarşı mübarizə aparmağa çalışsa da, amma bunun heç bir nəticəsi olmayıb. Belə ki, 1917-ci ildən əvvəl ölkədə dörd islahat aparılıb. Sovet dövründə isə 1958, 1972 və 1985-ci illərdə daha iddialı tədbirlər görüldü, amma nə xeyri, ruslar özləri demiş “...ni kakoy tolk”.

Bu gün rusların “ölkənin zəifləmiş iqtisadiyyatına kömək etmək üçün edə biləcəkləri ən yaxşı şey, dövlətə daha çox vergi gəlirləri verən daha çox içmək və siqaret çəkməkdir”.

Deyim ki, rusların maliyyə naziri Alexsey Kudrinə məxsus bu fikirlərin hansı məna kəsb etdiyi mənə qaranlıqdır. Görən, o bununla “...içir, canı cəhənnəmə, vergi gəlirləri ki, gəlir”-demək istəmir ki?

... “Əgər mən yüz ildən sonra ayılsam və məndən indi Rusiyada nə baş verdiyini soruşsalar, cavab verəcəyəm: içib oğurlayırlar”. Deyim ki, bunu yazıçı olmaqla yanaşı, həm də Rusiyada səlahiyyətli vəzifə daşıyan Mixail Saltıkov-Şedrin yazıb.

...Maraqlıdır, görən, rusların alkoqol istehlakının azaldılmasında “lider” ölkələr “sırasına qoşulmaq” arzularının arxasında nə dayanır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə