Pəhriz ciddi sağlamlıq problemi yarada bilər - DİQQƏT!

Yayın gəlişi ilə tez arıqlamaq istəyənlər, istirahətə getməyə hazırlaşan gəlin və bəy namizədləri, zərərli pəhrizlərlə arıqlamaq istəyir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, insanlar bəzən gözəl və zərif görünmək xəyalı naminə sağlamlıqlarını riskə atırlar.

Türkiyənin Yaşar Universitetinin qastronomiya və kulinariya şöbəsinin müəllimi Eylem Ezgi Fadıloğlu, pəhrizlərin bəzi hallarda ciddi sağlamlıq problemlərinə səbəb olacağını qeyd edib. O, insanlara "səhv pəhrizlə doğru nəticəyə çatmaq olmaz" xəbərdarlığını edib.

Eylem Ezgi Fadıloğlu, artıq çəkidən qısa müddətdə xilas olmaq üçün fərqli üsullar tətbiq etməyin və səhv bir pəhriz saxlamağın sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxaracağını deyib: "Dietoloq nəzarəti olmadan şüursuz şəkildə edilən səhv dietaların, xüsusən də gənclik dövründə qidalanma pozuntuların ortaya çıxmasına səbəb ola bilər. Bu pəhrizlərdə tez itirilən çəki qısa müddətdə yenidən geri qayıdır. Bundan əlavə, ilk itirilən çəki yağ toxumasından deyil, sudan və əzələ itkisindən qaynaqlanır. Həddindən artıq maye və yağ itkisinə görə bədəndəki maye və yağ balansının tarazlığı pozulur. Ürək ritminin pozulması, anemiya, menstruasiya pozğunluğu, mineral çatışmazlığı kimi sağlamlıq problemləri əmələ gəlir.

Tutduğunuz pəhrizin sağlamlığa ziyan verməməsi üçün həkiminizlə məsləhətləşin. Arıqlamaq üçün ən vacib iki amil insanın həyat tərzinə, seçimlərinə və ehtiyaclarına uyğun olaraq hazırlanan sağlam və balanslı pəhrizdən əlavə idmanla məşğul olmaq lazımdır. Məşqlərə yalnız gərgin idman növləri ilə deyil yüngül hərəkətlər etməklə başlamaq olar”.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə