"Yuxuların insan həyatına təsiri olduqca böyükdür. Məhz buna görə də yuxular və onların yozumu ilə bağlı tarix boyu çoxsaylı araşdırmalar aparılmış, müxtəlif elmi və fəlsəfi yanaşmalar formalaşmışdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bu sahədə ən tanınmış tədqiqatçılardan biri də psixoanalizin banisi Ziqmund Freyddir:
"Freyd yuxuda görülən hadisələri, obrazları və əşyaları insanın şüuraltı istəkləri, basdırılmış arzuları və qorxuları ilə əlaqələndirirdi. Onun fikrincə, yuxular şüuraltına aparan “kral yolu”dur və insanın gündəlik həyatda ifadə edə bilmədiyi duyğular yuxular vasitəsilə üzə çıxır. Məhz bu analizlərin əsasında yuxu yozmaları anlayışı formalaşmış və inkişaf etmişdir. Yuxularımız bəzən bizə bir işarə, xəbərdarlıq və ya daxili narahatlıqlarımızla bağlı mesaj ola bilər. Bəzən isə onlar real həyatımızda yaşadıqlarımızın, gündəlik stressin, sevincin və ya qorxuların bir növ əks olunmasıdır. Bu baxımdan yuxular insanın psixoloji vəziyyəti haqqında müəyyən ipucları verə bilər və dolayısı ilə həyatımıza təsir göstərir. Ümumiyyətlə, yuxuya gedərkən şüurla şüuraltı arasındakı pərdə nisbətən aradan qalxır. Psixologiyada bunu “senzuranın zəifləməsi” və ya “senzuranın aradan götürülməsi” kimi izah edirlər. Gün ərzində yaşadığımız hadisələr, düşündüklərimiz, arzularımız və emosional vəziyyətimiz yuxularda simvolik formada özünü büruzə verir. Bu simvollar hər zaman birbaşa və aydın olmur, əksər hallarda məcazi məna daşıyır.
Bununla belə, bütün yuxular insan həyatında dərin iz buraxmır. Bir çox yuxuları ümumiyyətlə xatırlamırıq və ya qısa müddət sonra unuduruq. Yadda qalan yuxular isə adətən emosional baxımdan daha təsirli olanlardır. Bu cür yuxuları yozarkən həddindən artıq mənfi mənalar yükləmək düzgün hesab edilmir. Əksinə, onları daha çox müsbət və realist çərçivədə dəyərləndirmək psixoloji sağlamlıq baxımından daha faydalıdır. Əks halda, yuxulara həddindən artıq əhəmiyyət vermək, onları davamlı şəkildə pis əlamət kimi qəbul etmək insanda təşviş, qorxu və hətta obsessiv-kompulsiv pozuntuların yaranmasına səbəb ola bilər. Nəticə etibarilə, yuxular insan psixologiyasının maraqlı və mürəkkəb bir hissəsidir. Onları tamamilə gözardı etmək də, həddindən artıq önəm vermək də doğru deyil. Ən sağlam yanaşma yuxuları özümüzü daha yaxşı tanımaq üçün bir vasitə kimi görmək və onları həyatımızın mərkəzinə çevirməməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB