"Azərbaycanda süni mayalanmaya rəsmi qadağa yoxdur" - HƏKİM ŞƏRH ETDİ

"Övlad sahibi olmaq üçün anaya yumurta hüceyrə lazımdır və uşağı daşımaq üçün uşaqlıq olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Mama-Ginekoloq Uzman dr. Rəşad Sultan deyib.

Həkim bildirib ki, hamiləliyi daşımaq üçün qadında uşaqlıq, kişidə isə spermatozoid olmalıdır: "Kişidə əgər spermatozoid yoxdursa, donor spermasından istifadə edə bilirik. Qadında yumurta hüceyrə yoxdursa, süni mayalanma prosesində donor yumurta hüceyrəsindən istifadə edə bilirik. Qadının əgər uşaqlığı yoxdursa, yumurtalığı olsa belə uşaq daşıya bilməyəcək. Uşaqlığın olmama səbəbləri: anadangəlmə qüsur olduğu halda, həyatın hər hansı bir dövründə məcburiyyətdən əməliyyat zamanı çıxarılmış ola bilər. Bəzən uşaqlıq olur, amma daxili qat zəif olur. Bəzən uşaqlığın daxili qatı keyfiyyətsiz olur deyə, oraya yapışa bilmir. Bu da hər hansı səbəbdən keçirilmiş əməliyyat və ya infeksiyalarla əlaqədar ola bilər. Bu zaman rüşeym ora yapışmır, hamiləlik daşıya bilmir. Belə hallarda, qadından yumurtalıq, kişidən spermatozoid götürüb, süni mayalanma ilə birləşdirib rüşeym əldə etsək də, gərək həmin rüşeymi başqasının bətninə yerləşdirmək olar. Həmin uşaq genetik olaraq öz valideyndən, amma hamiləlik başqa qadının uşaqlığında olacaq. Bu daşıyıcı analıq və ya “surroqat analıq” adlanır. Bugünkü dövrdə ölkəmizdə heç vaxt bu tətbiq edilməyib. Bunun səbəbi qəribədir. Dövlətimizdə süni mayalanmaya qadağa qoyulan qanun yoxdur. Reproduktiv sağlamlıq haqqında qanun bizdə, onsuz da, yoxdur. Süni mayalanmanın, köməkçi çoxalma vasitələrinin heç bir proseduru qanunla tənzimlənmir. Bu gün hüquqda belə bir anlayış vardır ki, əgər qanun yoxdursa, onu etmək olar. Daşıyıcı analıq da qadağan edilməyib. Amma çəkinirik, sanki yazılmamış qanunla onu etmirik.

Pasiyentlər bu prosesə ehtiyac duyursa, Gürcüstana, yaxud da, digər ölkələrə üz tuturlar. Bu şəkildə xaricdə uşaq sahibi olub gələn insnalar var. Amma Azərbaycanda hal-hazırda bu üsul tətbiq olunmur, heç vaxt da olunmayıb. İnsanların sağlamlıq problemlərini həll etməyə, övlad sahibi olmağa imkan verən hər cür üsula, etika, hüquq, sağlamlıq qanunları çərçivəsində icazə vermək lazımdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə