Aİİ-də “Məzun Günü” tədbiri keçirilib - FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Məzun Günü” tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, öncə Aİİ-nin rəhbər heyəti və məzunları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə gül dəstələri qоyublar.

Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Dövlət rəsmiləri və dini konfessiya nümayəndələrinin iştirak etdikləri sözügedən tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhları birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Aİİ-nin tələbələri toplu şəkildə Qurani-Kərim oxuyublar.

Açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, ilk məzun buraxılışı həyata keçirən Aİİ 2018-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli 3654 nömrəli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb: “İnstitutda bir fakültə (İlahiyyat fakültəsi) və üç kafedra (Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları) mövcuddur. Hazırda fakültədə bakalavriat səviyyəsində 265, magistratura səviyyəsində 5, doktorantura səviyyəsində 3 tələbə təhsil alır.

Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulmasıdır. Bu məqsədlə Aİİ dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən yararlanır, həmçinin beynəlxalq əlaqələrini genişləndirir.

İnstitutda təkcə Quran, Hədis, Təfsir, Fiqh, Kəlam kimi İslam dininin tədrisinə dair ənənəvi fənlər deyil, eyni zamanda, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlər də tədris olunur.

Ali təhsil müəssisəsi xarici dillərin tədrisinə böyük əhəmiyyət verir. İnstitutda tələbələr ərəb, ingilis və ibri dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının – oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz ərəb və ingilis dili kursları təşkil olunur.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisələri rəhbərlərinin videotəbrikləri nümayiş etdirilib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, t.e.d., prof. Fəzail İbrahimli İnstitutun məzunlarını təbrik edib. Bildirib ki, bir ali təhsilin xarici əlaqələrinin qurulması önəmlidir və Azərbaycan İlahiyyat İnstitutu bu vəzifənin öhdəsindən layiqincə gəlib.

Azərbaycanda mövcud tolerant mühitdən bəhs edən F.İbrahimli ölkəmizin dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu bildirib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, f.e.d. Mübariz Qurbanlı tədbir iştirakçılarını salamladıqdan sonra, ölkəmizdə dövlət-din münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Ümummilli Liderimizin layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, eyni zamanda qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahəyə xüsusi diqqət və qayğı göstərilir.

Prezident İlham Əliyevin İnstitutun yeni binasının açılışında şəxsən iştirak etməsinin din sahəsinə böyük diqqət və qayğının növbəti təzahürlərindən biri olduğunu qeyd edən Mübariz Qurbanlı məzunların ali təhsil ocağında aldıqları bilik və bacarıqlardan yüksək səviyyədə istifadə edərək, gələcək fəaliyyətləri dövründə ölkəmizin daha da inkişafına, dövlət-din münasibətlərinə öz töhfələrini verəcəklərinə inamını vurğulayıb. Məzunlara, müəllimlərə və tələbələrə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, f.f.d. Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin təbriklərini çatdırıb. F.Nurullayev bildirib ki, ilahiyyatçı olaraq ölkəsini mükəmməl təmsil etmə məsuliyyəti bugünkü məzunların üzərinə düşür. O, bu məsuliyyətli vəzifədə məzunlara uğurlar arzulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin sektor müdiri Müzəffər Talıblı məzunları təbrik edib. Bildirib ki, “Siz məzunlar öz sahəsinin peşəkar mütəxəssisləri olan müəllimlərinizdən aldıqlarınız biliklərlə dini-ideoloji sahədə mütəxəssis kimi yetişərək cəmiyyətə sağlam dini bilgilər verəcəksiniz”.

Professor, ictimai-siyasi xadim, Əməkdar elm xadimi Şahlar Əsgərov Aİİ məzunlarının cəmiyyətdə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində xüsusi rol oynayacaqlarını bildirib. O, məzunlara uğurlar arzulayıb.

Millət vəkili, i.f.d. Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra məzunları təbrik edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən millət vəkili ali məkəbin ilk rektoru olaraq İnstitutun yaranması və fəaliyyətə başlaması barədə ətraflı danışıb. Aİİ-nin qısa zamanda yaranmasına baxmayaraq, ən mütəşəkkil təşkil olunmuş ali məktəblərdən birinə çevrildiyini vurğulayan Ceyhun Məmmədov məzunlara uğurlar arzulayıb və dövlətçilik prinsiplərini əsas tutaraq fəaliyyət göstərmələrini diləyib.

Millət vəkili, t.e.d., prof. Anar İsgəndərov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb: “Əminik ki, Aİİ tələbələri olaraq ölkəmizin hər bir nöqtəsində dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində əlinizdən gələni əsirgəməyəcəksiniz”.

Valideynlər adından çıxış edən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, t.e.d. Vaqif Abışov məzunlara təbriklərini çatdırdıqdan sonra, Azərbaycan İlahiyyat İnstitutunun yaranmasının əhəmiyyətini vurğulayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı baxımından İlahiyyat İnstitutundakı təhsilin önəmini qeyd edib, ali məktəbə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Aİİ-nin məzunları adından çıxış edən Fərid Qasımzadə bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun missiyası İslam və digər səmavi dinlər haqqında dərin biliklərə yiyələnən, milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına töhfə verən kadrlar yetişdirməkdir. Eyni zamanda, mənəvi irsimiz olan İslam dininin təbliği, xurafat və mövhumatdan uzaq tutulması üçün din xadimlərinin yetişdirilməsi də məhz İnstitutun vizyonunu təşkil edir. O bildirib ki, “Harada olmağımızdan asılı olmayaraq, dəyişməyən bir şey ondan ibarətdir ki, biz İlahiyyat İnstitutunun məzunlarıyıq. Bu müəssisənin məzunuyuqsa, bu, artıq cəmiyyətin bizdən müəyyən və ciddi gözləntilərinin olması deməkdir”.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutu məzunlarının iştirakı ilə hazırlanmış videoçarx nümayiş olunub.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun məzunları Tələbə Andını səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...