"Peşə təhsili istiqamətində görülən işlər təqdirəlayiqdir" - TƏHSİL EKSPERTİ

"Peşə təhsili istiqamətində görülən işlər təqdirəlayiqdir" - TƏHSİL EKSPERTİ

"Azərbaycanda əmək bazarına inteqrasiyanı ən çox və ən yaxşı şəkildə həyata keçirən təhsil seqmenti məhz peşə təhsilidir. Bu, gəlişi-gözəl söz deyil, həqiqətən də son illərin statistik göstəricilərində və nəticələrində öz sözünü deyən bir yanaşmadır". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, biz artıq son bir neçə ildə peşə təhsili müəssisələrinə qəbulun üç mərhələdə həyata keçirildiyini görürük: "Əvvəllər, 10 il bundan öncəyə qədər, bir mərhələdə belə peşə təhsili müəssisələrinə uşaq cəlb etmək mümkün olmurdu. İndi isə üç mərhələdə qəbul həyata keçirilir, hətta bundan sonra da peşə təhsili almaq istəyənlər olur. Biz şəxsən bu proseslə dəfələrlə üzləşmişik.

Bütün bu göstəricilər peşə təhsilinin praktiki əhəmiyyətinin cəmiyyətə təbliği və praktikliyin artırılması istiqamətində görülən işlərdən xəbər verir. Biz bu istiqamətdə Peşə Təhsili Agentliyini və onun tabe olduğu ali təhsil qurumu olan Elm və Təhsil Nazirliyini mütləq təqdir etməliyik. Onlara bizim təşəkkür borcumuz olmalıdır. Yəni pisə pis, yaxşıya yaxşı deyək. Həqiqətən də, peşə təhsili istiqamətində görülən işlər təqdirəlayiqdir.

Peşə təhsilində bütün profillər və həmin profillərə aid olan 100-dən çox ixtisasın hamısı bu gün əmək bazarının praktiki istiqamətinə hesablanıb. Burada dərzilikdən, bərbərlikdən tutmuş kompüter şəbəkələri üzrə mütəxəssisə qədər müxtəlif ixtisaslar var. Kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisası da bunlara daxildir.

Bəli, yenə də görülməsi lazım olan işlər var. Təbii ki, heç nə, heç bir zaman ideal ola bilməz. Lakin əmək bazarına inteqrasiya baxımından peşə təhsili bu müddət ərzində də az iş görməyib.

Bundan sonra görülməli olan əsas məsələlər isə əlaqələrin və koordinasiyanın daha da genişləndirilməsi, iş dünyasının və istehsalat dünyasının peşə təhsili müəssisələrinə cəlbinin daha yüksək səviyyədə artırılmasıdır. Bu, çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə