“Artıq ali təhsil müəssisələrinin bakalavr pilləsinə bütün imtahanlar başa çatıb. Bundan sonrakı mərhələdə yalnız Jurnalistika üzrə qabiliyyət imtahanları və I ixtisas qrupu üzrə Memarlıq ixtisasına qəbul üçün qabiliyyət imtahanları baş tutacaq. Ümumilikdə isə imtahanların test mərhələsi başa çatıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
O bildirib ki, bu ilki imtahan nəticələri kifayət qədər yaxşıdır: “Buraxılış imtahanlarındakı nəticələr Azərbaycanda son 30 ilin ən yaxşı nəticələridir. Artıq Azərbaycan təhsil sistemi pandemiyadan sonra müsbət vəziyyətə gəlib çata bilib. Tədrisin təşkili, qiymətləndirilməsində artıq təhsilin tam olaraq bərpa olunduğunu görə bilirik.
Bu ilki nəticələrdən gördük ki, 54 nəfər imtahanlarda maksimun nəticə toplayıb. Bu da abitruyentlərin orta məktəblərdə daha hazırlıqlı olduqlarını göstərir.
Sonradan keçirilən 2-ci cəhd imtahanlarında da nəticələr heç də zəif olmadı. Bu il xüsusilə III ixtisas qrupunun abitruyentləri daha hazırlıqlı idilər, onların nəticələri daha yaxşı idi. Ümumilikdə bu ilki nəticələr çox yaxşıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə