"Sertifikasiya imtahanı təhsildə hədəfə istiqamətlənən zəncirin halqalarından biridir" - MÜNASİBƏT BİLDİRİLDİ
"24 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı sənəd təsdiq edilmişdir. Strategiyanın 2.3 bəndində qeyd olunmuş müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı, o cümlədən həmin strategiyanın 2.3.1 bəndinə əsasən isə səriştə və nəticə əsaslı differensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması mühüm hədəf olaraq götürülmüş və bu hədəfə istiqamətlənmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.
O bildirib ki, müəllimlərin diaqnostik imtahanının keçirilməsi, sertifikasiya imtahanının keçirilməsi, əmək haqqının diferensiallaşdırılması, rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması ümumilikdə müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı strateji hədəfi vurmaq üçün görülməsi nəzərdə tutulan tədbirlərdir: "Göründüyü kimi sertifikasiya imtahanlarının təşkili təhsildə böyük hədəfə istiqamətlənmiş zəncirin mühüm halqalarından biridir. Qarşıya qoyulan hədəf müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edəcəksə, bu istiqamətdə görüləcək işlər təqdirəlayiqdir, doğrudur, yerindədir".
"Sertifikasiya imtahanın qoyulan minimum keçid tələbi təqdim edilən sualların 50 faizini cavablandırmaqdır. Sualların 50 faizini keçməyən müəllimin qoca və ya gənc olması güzəşt meyarı olmamalıdır. Bu tələb hamı üçün eynidir və bu eynilik ədalətlilik prinsipini pozmur, əksinə ədalətliliyi qoruyur. Qaldı ki, 60 mümkün baldan 50 baldan yuxarı toplayan müəllimlərin əmək haqqına 35 faiz əlavə, həmçinin sertifikasiyadan uğurla keçmiş digər müəllimlərin əmək haqqına 10 faiz əlavələrin edilməsi əmək haqqının diferensiallaşdırılmasına, ümumilikdə isə müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edir.
Sertifikasiya imtahanın fəlsəfəsi əmək haqqının diferensiallaşdırılmasına, ümumilikdə isə müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət etməkdir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə