Əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası mövzusunda tədbir...

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Odlar Yurdu Universitetində "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Odlar Yurdu Universitetinin keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov təhsil sahəsində aparılan islahatlar nəticəsində əcnəbi tələbələrin Azərbaycan universitetlərinə marağının artmasından və onlar üçün yaradılan imkanlardan danışıb və bu kimi maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin əhəmiyyətli olduğunu deyib.

Layihə rəhbəri, Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev,100-dən çox QHT-nin birləşdiyi Miqrasiya Əməkdaşlıq Platformasına əcnəbi tələbələrlə bağlı daxil olan çoxsaylı müraciətlərdən bəhs edərək, DMX elektron resurslarından istifadə istiqamətində aparılan maarifləndirmə işlərinin, əcnəbi tələbələrin və onlarla işləyən universitet əməkdaşlarının miqrasiya qaydaları üzrə biliklərinin artırılmasında böyük rolunu qeyd edib. O, Azərbaycanda yaşayan əcnəbi tələbələrin cəmiyyətimizə inteqrasiyası sahəsində Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və digər dövlət və ictimai qurumların koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlər barədə iştirakçılara məlumatları çatdırıb.

Tədbirdə iştirak edən DMX Miqrasiya nəzarəti baş idarəsinin şöbə rəisi Rüstəm Rəhimov, Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev və Hüquqi təminat idarəsinin inspektoru Elçin İsmayılov tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb, həmçinin əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları, yol verilən hüquqpozmalar və miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəaları barədə izahatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə