“Xaricdə təhsil şirkətləri uşaqları yararsız universitetlərə göndərirlər” - RƏY BİLDİRİLDİ

“Adətən universitetə qəbul ola bilməyən abituriyentlər xaricdə təhsil şirkətlərinə üz tuturlar. Xaricdə təhsil şirkətləri uşaqları yararsız universitetlərə göndərirlər”. Bu sözləri SİA-ya danışan təhail eksperti Elmin Nuri deyib.

O bildirib ki, xaricdə təhsil şirkətləri hər il ixtisas seçimi başa çatdıqdan sonra fəaliyyətə başlayır və təbii ki universitetə qəbul ola bilməyən şəxslər üçün onların uğursuzluqlarından və yaşadıqları psixoloji problemlərdən istifadə edərək dırnağarası təkliflərini irəli sürürlər: “Mövcud situasiyadan istifadə edərək uşaqları yararsız universitetlərə göndərirlər. Biz universitetin yararsızlığınını onun təhsil sistemiylə ölçmürük. Bir universitetin yararlılığını göstərən əsas detallardan biri onun diplomunun tələbənin yaşadığı ölkədəki keçərlilik faizidir. Həmin diplom keçərli olmayacaqsa, əmək bazarında tələbəyə işləmək üçün bir vasitə olmayacaqsa deməli bunun o qədər də əhəmiyyəti olmayıb”.

Ekspertin sözlərinə görə, xaricdə təhsil şirkətlərinin əksəriyyəti bu detallara diqqət etmirlər: “Elə situasiya yaranır ki abituriyentlər bəzən hərbi xidmətə yollanmasınlar deyə, bəzən də ətrafın qınağından xilas olsunlar deyə o qədər də presteji olmayan və etibarlı təhsil sənədi təqdim etməyən universitetləri seçirlər. Burda məsələnin bir nömrəli problemi universitetə baxış mexanizmindədir. Biz universitetə müəyyən ixtisas üzrə kadr hazırlaşdıran müəssisə kimi yox, əmək bazarına kadr hazırlayan müəssisə kimi yox, akademik pillədə irəliləmək üçün bir etap kimi yox, olmazsa olmaz, olum və ölüm prinsipindən doğan həyati bir hal kimi baxırıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə