Region məktəblilərinin Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) ekskursiyası davam edir.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, UNEC-dən bildirilib ki, budəfəki qonaqlar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin subbakalavrları və Express Təhsil Mərkəzinin abituriyentləri olub.
Qəbələli abituriyentlərlə UNEC-in əsas, 2 və 3 saylı tədris binalarında görüşlər keçirilib.
Əsas tədris binası ilə tanışlıq zamanı İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova abituriyentlərə universitetdəki ixtisaslar, elektron tədris prosesi, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, idman zalları, kitabxanalar barədə ətraflı məlumat verib.
Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev isə rəhbəri olduğu fakültədəki ixtisaslar və karyera imkanları ilə bağlı abituriyentləri məlumatlandırıb.
Görüş zamanı UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin builki məzunu Məleykə Abuşova universitetdə tələbələr üçün yaradılmış şərait, imtahan prosesi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı təəssüratlarını bölüşüb.
Abituriyentlər UNEC Psixoloji Xidmət Mərkəzində də olublar. Mərkəzin rəhbəri Şəfahət Abdullayeva onlara imtahanqabağı stresin idarəolunması ilə bağlı tövsiyələr verib.
Əsas tədris binası ilə tanışlıqdan sonra abituriyentlər 3 saylı tədris binasında Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərovla görüşüblər və orada tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Abituriyentlərin 2 saylı tədris binasındakı görüşləri Rus İqtisad Məktəbinin dekanı dosent Mənsur Bərxudarovla olub. M.Bərxudarov abituriyentlərə fakültədəki ixtisaslar və tədris prosesi barədə məlumat verib.
Görüşün sonunda Express Təhsil Mərkəzinin rəhbəri Rəhman Xasməmmədov abituriyentlərin əl işlərindən ibarət “Xarıbülbül” xatirə hədiyyəsini UNEC-ə təqdim edib.
Qəbələli abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB