BDU-nun professorları Polis Akademiyasında mühazirə oxuyublar - FOTOLAR

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, nəzəri biliklərin möhkəmləndirilməsi və təcrübədə tətbiq olunması bacarığının inkişaf etdirilməsi üçün elm adamları, hüquqşünaslar və təcrübəli mütəxəssislərin iştirakı ilə silsilə mühazirə dərsləri keçirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyulun 3-dən 6-dək Akademiyada müxtəlif fənlər üzrə keçirilən mühazirə dərslərində iştirak edən Bakı Dövlət Universitetinin kafedra müdirləri, hüquq elmləri doktoru, professorlar Şəhla Səmədova və Firuzə Abbasova “İbtidai araşdırmanın ümumi şərtləri və təqsirləndirilən şəxs qismində cəlb etmə” və Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Midhət Qəfərov “Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası” mövzusunda mühazirə oxuyublar.

Mövzulara əsasən kursantlara korrupsiya cinayətləri ilə bağlı tövsiflə əlaqədar yaranan problemlər və onların həlli yolları, ibtidai araşdırmanın ümumi şərtləri və məqsədi, hökm və ya məhkəmənin digər yekun qərarının icrası mərhələsinin anlayışı, əhəmiyyəti və icraya yönəldilməsi qaydası, cəzaların icrası ilə bağlı müraciətlərə baxılması və həlli üzrə icraat, hökmün icrası prosesində ortaya çıxan prosessual məsələlərin həll edilməsi üçün məhkəmə icraatının xüsusiyyətləri və həddinə dair ətraflı məlumatlar verilib.

Kursantlar mühazirə dərslərini maraqla dinləyiblər. Onları maraqlandıran suallar cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə