Peşəkar mühasib sertifikatı imtahanı ilə bağlı canlı yayım ediləcək

İyulun 10-u saat 16:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) yutub kanalında “Peşəkar mühasib sertifikatı (PMS) imtahanlarında istifadə olunacaq yeni tapşırıq modelləri, hesabat formaları və açıq tipli test tapşırıqlarının cavablandırılması metodologiyası” mövzusunda canlı yayım təşkil olunacaq. DİM-dən SİA-ya bildirilib ki, canlı yayımda Dövlət İmtahan Mərkəzinin aparıcı məsləhətçisi Faiq Abdullayev, iqtisadçı-ekspertlər Firudin Sultanov, Elsevər İbadov, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi, iqtisadçı-ekspert Rəşad Əhmədov və iqtisadçı-ekspert Radil Fətullayev iştirak edəcəklər.

Canlı yayım zamanı PMS haqqında qısa məlumat veriləcək, statistik məlumatlar təqdim olunacaq, ən çox verilən suallara aydınlıq gətiriləcək və gələcək təkmilləşdirmə istiqmətləri barədə məlumat veriləcək. Bundan əlavə, ekspertlər tərəfindən imtahanların 1-ci mərhələsi üçün MVHH, MZHH və vergi qanunvericiliyi üzrə ƏDV üzrə açıq tipli tapşırıqları, hesabat formaları izah olunacaq və imtahan cavablarının necə yoxlanıldığına praktiki şəkildə aydınlıq gətiriləcək.

Sonda izləyicilər tərəfindən daxil olan suallar da cavablandırılacaq. İzləyicilər maraqlandıran sualları DİM-in feysbuk səhifəsində müvafiq postun şərh bölməsinə yaza bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə