"Bu il MİQ imtahanında namizədlərin şanslı olacağını söyləmək olar" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ümumilikdə baxdıqda müəllimlərin işə qəbulu müsabiqəsində namizədlərə verilən test tapşırıqları sertifikasiya imtahanında müəllimlərə təqdim olunan test tapşırıqlarından fərqlidir, həm də ağırdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, uzun illər müəllim hazırlığı ilə məşğul olmuşam: "Nadir hallarda universitetin verdiyi biliklər müəllimlərin işə qəbulu üçün yetərli olub. Məzun əlavə təhsilə ehtiyac duyur. Bu zaman müəllim hazırlığı mərkəzləri işin içinə girir və bu boşluğu doldurararaq qazanc əldə edir.

Niyə Universitetlərin verdiyi bilik müəllimlərin işə qəbulu imtahanında təqdim olunan test tapşırıqlarının etməyə imkan vermir? Dövr və zaman dəyişir. Təhsilə yanaşmalar da dəyişir, təkmilləşir. Bu zaman test suallarının dəyişmə tempi ilə Universitet proqramı və sillabuslarının dəyişmə tempi eyni olmur.

Universitetlərin verdiyi təhsilin dəyişmə, dövrə və zamana uyğunlaşma sürəti ləng gedir. Bu baxımdan müəllimlərin işə qəbulu imtahanı heç vaxt asan olmur və olmayacaq. Universitet zəif məzun hazirlayırsa, müəllim işə qəbulunda sualları asanlaşdırmaq çox yalnış addım olar. Müəllimlərin işə qəbulu zamanı verilən test tapşırıqları nə qədər sanballı olarsa, gələcək təhsilimiz bir o qədər yaxşı inkişaf edər.

Müəllimlərin işə qəbulu imtahanı zamanı həmişə rəqabətliliyin yüksək olmasını da düşünsək, bu il sualların asan olacağını düşünmürəm. Bu il vakansiyaların sayının bir neçə dəfə çox olacağını da nəzərə alsaq, bu il müəllimlərin işə qəbulu imtahanında iştirak edəcək namizədlərin şanslı olacağını da söyləmək olar.

Müəllimlik sənətini seçib, peşəkar müəllim olmaq istəyən hər bir namizədə uğur arzu edirəm. Doğru sənət seçirlər. Seçiminizin doğru olduğuna heç zaman şübhə etməyin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə