ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

İyulun 4-də Azərbaycan Dillər Universitetində (ADU) Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılış mərasimi olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Əvvəlcə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Himni səsləndirilib. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayan Şeyx Zayed adına Ərəb dili auditoriyasının iki ölkə arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin davamlılığını təmin edəcəyini söyləyib. O bildirib ki, iki ölkə arasında mənəvi körpü rolunu oynayacaq bu mərkəz ərəb dilini dərindən öyrənmək, Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyən gənclərin əsas maraq məkanına çevriləcək.

ADU-da ərəb dili auditoriyasının açılışına göstərdiyi dəstəyə görə universitetin rektoru akademik Kamal Abdullaya təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla universitetdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının fəaliyyətə başlamasını yeni elmi və mədəni əlaqələrin qurulması, gələcək uğurların təməli kimi qiymətləndirib. Rektor bildirib ki, Şeyx Zayed adına Ərəb dili auditoriyası Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradacaq.

Sonda Birləşmiş Ərəb Əmirlikləri haqqında qısa film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə