“Magistratura təhsili hansısa peşə vermir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Magistratura təhsili almaq istəyən gənclər daha çox xaricə üz tutsunlar, çünki xaricdə verilən magistratura təhsili ölkədə verilən magistratura təhsilindən qat-qat üstündür. İlk növbədə magistratura təhsilinin mahiyyətinin nədən ibarət olduğunu bilməliyik. Magistratura təhsili elmi-pedaqoji kadr hazırlığını həyata keçirir. Magistraturanı bitirən şəxslər ali təhsil müəssisələrində müəllim işləyə, elmi-pedaqoji fəaliyyətlə məşğul ola bilərlər”. Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.

Onun sözlərinə görə, magistratura təhsili hansısa peşə vermir: “Azərbaycan Respublikasında ”Təhsil haqqında” Qanununun 22-ci maddəsində açıq yazılıb ki, bakalavriat təhsili bitmiş ali təhsildir. Magistraturanı bitirən şəxslər ali məktəblərdə elmi-pedaqoji təhsil və elmi təşkilatlarda, istənilən yerdə işləyə bilərlər. Yəni kimlər gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq istəyirlərsə magistratura oxusunlar. Bu gün ölkənin ali təhsilində əsas istiqamətləri pedaqoji sahə, tibbi sahə, eyni zamanda müxtəlif texnoloji sahələrə və s. ehtiyac var. Bu gün dünyada olan tendensiya odur ki, texnoloji sahəyə maraq artır. Elmi-pedaqoji kadrlarda da bizdə çox ciddi problemlər var. Ümumiyyətlə, bizdə elmi-pedaqoji kadr qıtlığı var. Ölkə prezidentinin sərəncamı ilə xaricdə təhsil proqramları tərtib olunub. Hər il 400-ə qədər gənc xaricdə təhsilə göndərilir. Bunun böyük əksəriyyəti magistratura və doktorantura təhsildiir. Bütün bunlar elmi-pedaqoji kadr hazırlığı ilə bağlıdır”.

Ekspert bildirib ki, magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlərin ölkənin elmi-pedaqoji kadr hazırlığında daha çox boşluq olan pedaqoji, o cümlədən tibbi, texnoloji və s. sahələrə daha çox üstünlük verməsi arzuolunandır: “Çünki ölkənin inkişaf konsepsiyasına uyğun olaraq kadr qıtlığı var. Bir neçə ali məktəbi çıxmaq şərtilə arzulayardım ki, magistratura təhsili almaq istəyən gənclər daha çox xaricə üz tutsunlar. Çünki xaricdə verilən magistratura təhsili ölkədə verilən magistratura təhsilindən qat-qat üstündür. Əgər şəxsi olaraq gedə bilirlərsə dövlət proqramından da yararlansınlar. Magistraturada 3 gün faktiki, nəzəri dərslərdir. Yerdə qalan isə praktiki məşğələlər olmalıdır. Praktiki məşğələlər ümumiyyətlə keçirilmir. Magistrların 90%-i bu ya başqa bir işdə işləyirlər. Hansı halda işləyə bilər ki, onun əslində buna vaxtı olmamalıdır. O, laboratoriyalarda, kitabxanalarda, tədqiqat müəssisələrində işləməlidirlər. Halbuki, işləyə bilmirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə