"Prosesə kənar müdaxilələr çox idi" - TƏHSİL EKSPERTİ DANIŞDI

“2016-cı ildən etibarən dövlət qulluğuna qəbul imtahanlarını Dövlət İmtahan Mərkəzi (DİM) həyata keçirməyə başlayıb. Buna qədər isə komissiya imtahanları həyata keçirirdi. Etiraf edək ki, Azərbaycanda bütün imtahanların şəffaflığının, əlçatanlığının təmin olunmasını DİM təmin edir. DİM tərəfindən dövlət qulluğuna imtahanlar keçirildikdən sonra istənilən şəxs bu istiqamətdə bilik və bacarıqlarını nümayiş etdirərək işə qəbul olur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, bir sıra hallarda gənclər dövlət qulluğuna gəlmirlər: “Çünki müsabiqə və müsahibələr şəffaf olmurdu, kənar müdaxilələr çox idi. Amma son illərdə, xüsusilə 2016-cı ildən etibarən dövlət qulluğuna qəbul istiqamətində ciddi irəliləyiş əldə etmişik. Hər il kifayət qədər gənc məhz dövlət qulluğu imtahanlarının müsabiqə və müsahibə mərhələsini keçərək bu və ya digər strukturlarda işə qəbul olur. Həmçinin gənclər bir neçə kateqoriya üzrə də imtahan verə bilirlər. Hesab edirəm ki, bu gün Azərbaycanda ali təhsilli gənclərin dövlət qulluğuna getmək istiqamətində sayının artmasının da səbəbi prosesin şəffaf olaraq həyata keçirilməsidir.

Dövllət qulluğuna qəbul imtahanlarının nəticələri də xoşdur. Xüsusilə universitetlər arasında təhlil apardıqda görürük ki, BDU ilə UNEC-dən məzun olan gənclərin dövlət qulluğundakı imtahan nəticələri digər universitetlərlə müqayisədə daha yüksəkdir. Bu da onu göstərir ki, adıçəkilən ali təhsil müəssisələrində tədrisin təşkilində ciddi şəkildə irəliləyişlər var. Həmçinin müasir tendensiyalar həmin ali təhsil müəssisələrində tədrisə tətbiq edilib. Digər xoş məqam isə odur ki, dövlət qulluğunda uğur qazanan iddiaçıların əksəriyyətinin yaşı 22-28 arasıdır. Bu da gənc nəslin inkişafına gətirib çıxarır və xidmət sektorunda sürəti artırır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə