"Müəllimlərin işə qəbulu imtahanının keçirilməsinin təhsilin keyfiyyətinə təsiri böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Müəllimlərin işə qəbulu imtahanının keçirilməsinin təhsilin keyfiyyətinə təsiri böyükdür". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

O bildirib ki, əgər biz bu prosesi tətbiq etməsək, başqa üsul, müsabiqə vəziyyəti yaratmaq yalnız ümumi ortalama göstəricisi əsasında pedaqoji ixtisaslarda təhsil alanların müvafiq vakansiyalar üzrə yerləşdirilməsi ola bilər: "Burada da bilirsiniz ki, bizim cəmiyyət üçün bu, o qədər də optimal bir üsul deyil. Çünki əgər biz desək ki, bu gün umumi ortalama göstərici əsasında vakant yerlərin seçiminə üstünlük veriləcək, kimlərin nəticələri daha üstündürsə, onlar işə qəbul olunacaqlar, o zaman müxtəlif üsullarla təhsilalanlar çalışacaqlar ki, öz ümumi ortalama göstəricilərini yaxşılaşdırsınlar. Ona görə də müsabiqənin keçirilməsi vacibdir ki, hər kəsin öz bilik və bacarıqlarını yoxlayıb ölçmək imkanı olsun. Buna əsasən də onların vakant yerlər üzrə yerləşdirilməsi həyata keçirilsin.

Paraleldə də bu müsabiqəni keçirdiyimiz zaman bizim əlimizdə müxtəlif istiqamətlər üzrə data formalaşır: "Hansı universiteti bitirib və imtahan verənin nəticəsi necədir? Yaxud da, imtahan verən hansı istiqamətdə vakant yer seçdi və gələcəkdə o ixtisasla bağlı müəyyən ərazidə akademik təhsil göstəriciləri hansı vəziyyətdə olacaq?" Bütün bunları məhz müəllimlərin işə qəbulu imtahanında yoxlaya bilirik deyə, haradasa müdaxilə edib müxtəlif istiqamətlər üzrə iş görməyimiz daha asan olur. Ona görə də düşünürəm ki, müəllimlərin işə qəbulu imtahanının keçirilməsi ümumi təhsil keyfiyyətinə təsir göstərən amillərdəndir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə