“Gübrələrə olan tələbat Azərbaycan karbamidinin ixrac payının böyük olmasına şərait yaradır” - EKSPERT DANIŞDI

“Karbamid avtomobil və kimya sənayesində də istifadə olunsa da, onun əsas tətbiq sahəsi kənd təsərrüfatıdır. Bu məhsuldan daha çox azotlu gübrələrin hazırlanmasında istifadə edilir”.

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda karbamid istehsalı Sumqayıt şəhərində yerləşən müəssisədə həyata keçirilir və bu məhsul ölkənin qeyri-neft ixracında mühüm yer tutur:

“İstehsal olunan karbamidin təxminən 90 faizi xarici bazarlara ixrac edilir. Əsas ixrac istiqamətləri sırasında Türkiyə, MDB ölkələri, Avropa dövlətləri və xüsusilə Şərqi Avropa ölkələri yer alır. Həmin ölkələrdə kənd təsərrüfatı sektorunun inkişaf etməsi və gübrələrə olan yüksək tələbat Azərbaycan karbamidinin ixrac payının böyük olmasına şərait yaradır.

Hazırda ixrac həcmlərində müşahidə olunan azalmanın bir neçə səbəbi var. Bunlar arasında qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, beynəlxalq bazarlardakı qeyri-müəyyənliklər, rəqabətin güclənməsi və daha aşağı maya dəyəri ilə istehsal həyata keçirən ölkələrin mövcudluğu xüsusi yer tutur. Bununla yanaşı, təbii qaz və enerji qiymətlərindəki dəyişikliklər də istehsal xərclərinə təsir göstərir. Karbamid istehsalında qaz əsas xammal hesab olunduğundan enerji qiymətlərinin artması məhsulun maya dəyərini yüksəldərək onun rəqabət qabiliyyətinə təsir edə bilir”.

Ekspert qeyd edib ki, ixracın azalmasının ölkə iqtisadiyyatına təsiri qısamüddətli dövrdə ciddi hiss olunmasa da, proses uzun müddət davam edərsə müəyyən risklər yarada bilər:

“Karbamid Azərbaycanın qeyri-neft sektorunda ixrac olunan əsas məhsullardan biridir. Buna görə də ixrac həcmlərinin uzunmüddətli azalması ölkəyə daxil olan valyuta gəlirlərinə təsir göstərə və xarici ticarət balansında müəyyən dəyişikliklər yarada bilər.

Gübrə bazarına təsir məsələsinə gəldikdə isə, burada əsas amil tələb və təklif nisbətidir. İstehsalın və ya ixracın azalması qiymətlərə təsir göstərə bilər. Lakin bu məsələdə ən vacib məqamlardan biri keyfiyyətdir. Əgər gələcəkdə yerli istehsalın həcmi azalarsa və bazarda idxal məhsullarının payı artarsa, həmin məhsulların yerli istehsal səviyyəsində keyfiyyət təmin edib-etməyəcəyi mühüm sual olaraq qalır. Çünki gübrənin keyfiyyəti kənd təsərrüfatı məhsullarının məhsuldarlığına birbaşa təsir edən amillərdəndir”.

Günay Hüseynovanın fikrincə, mövcud vəziyyət daha çox qlobal iqtisadi proseslər və beynəlxalq bazarlardakı dəyişikliklərlə bağlıdır:

“Hesab edirəm ki, geosiyasi gərginliklərin azalması, beynəlxalq ticarət əlaqələrinin normallaşması və dünya bazarlarında tələbatın artması fonunda Azərbaycan karbamidinin ixrac imkanları yenidən genişlənəcək. Bu halda istehsal həcmlərinin də əvvəlki səviyyələrə qayıtması mümkündür”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə