“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib - FOTOLAR

Azərbaycan İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun əməkdaşlığı çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib. Bununla bağlı keçirilən tədbirdə layihə ilə bağlı müzakirə sessiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun (DİF) Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib. Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Dəyişən əmək bazarı: insan kapitalı və gələcəyin bacarıqları” mövzusunda tədbir keçirilib.
Tədbir çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı “Azərbaycanda prioritet sahələr üzrə bacarıqların inkişafına dair strateji baxış” mövzusunda müzakirə sessiyası keçirilib. DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alisonun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulayıb. Sürətlə dəyişən qlobal iqtisadi mühitdə əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasının dayanıqlı inkişafın əsas şərtlərindən olduğu qeyd edilib. Ölkəmizin həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin innovativ və yeni bacarıqlara malik kadr potensialına tələbatı daha da artırdığı diqqətə çatdırılıb. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin əmək bazarındakı mövcud boşluqların aradan qaldırılması, gənclərin peşə hazırlığının gücləndirilməsi və işçi qüvvəsinin gələcəyin ixtisaslarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib. Özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əsasında həyata keçiriləcək layihənin əmək bazarında tələb-təklif balansının daha effektiv şəkildə formalaşmasına xidmət edəcəyi nəzərə çatdırılıb.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə DİF-in Bacarıqlar Akseleratoru Şəbəkəsi ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə “Azərbaycan Bacarıqlar Akseleratoru”nun yaradılmasını ölkədə bacarıqların yenilənməsi və artırılması prosesinə töhfə verən addım kimi dəyərləndirib. Hər il ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər, gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlət, sənaye və təhsil tərəfdaşlığı ilə insan kapitalına yönəlik birgə investisiyaların ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığının əsas təminatçısı olduğunu bildirib. Ömürboyu təhsil yanaşması və “Azərbaycan Bacarıqlar Akseleratoru” kimi təşəbbüslərin bacarıqların təkmilləşdirilməsi və ölkənin texnologiyayönümlü inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd edilib.
“PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb ki, iqtisadiyyatın rəqabətqabiliyyətini müəyyən edən əsas amillərdən biri sürətlə inkişaf edən rəqəmsal savadlı işçi qüvvəsinin formalaşdırılmasıdır. Xüsusilə, fintek, data analitikası, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinə dair peşəkar bacarıqlara tələbat sürətlə artır.
Daha sonra yüksək səviyyəli sessiyada Azərbaycan üçün növbəti illərdə prioritet bacarıq istiqamətləri müzakirə olunub.
Tədbirdə çıxış edən DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alison “Azərbaycan Bacarıqlar Akseleratoru” proqramının başlamasını və Azərbaycanın Dünya İqtisadi Forumunun Qlobal Akseleratorlar Şəbəkəsinə qoşulmasını iqtisadiyyatın diversifikasiyası istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib. Bildirilib ki, təhsilin sənayenin tələbləri ilə uzlaşdırılması, rəqəmsal və yaşıl bacarıqların inkişafı, eləcə də ömürboyu təhsil konsepsiyasının dəstəklənməsi “Bacarıqlar Akseleratoru”nun əsas hədəflərindəndir. Bu yanaşma insan kapitalını gücləndirir və işçi qüvvəsinin gələcəyin iqtisadiyyatının təqdim etdiyi imkanlardan daha səmərəli yararlanmasını təmin edir.
Neil Alison tədbir çərçivəsində “Gələcəyin peşələri 2025” (“Future of Jobs 2025”) hesabatının nəticələrini təqdim edərək qlobal bacarıq trendlərinin Azərbaycan üçün mümkün təsirlərini şərh edib. Tədbir iştirakçıları arasında ölkə üzrə əsas bacarıq prioritetlərinə dair sorğu keçirilib.
4SİM-in icraçı direktoru Fariz Cəfərov “4Sİ dövründə bacarıqlar və yerli çağırışlar” mövzusunda təqdimatla çıxış edib. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı məlumat verib.
Bildirilib ki, “Bacarıqlar Akseleratoru” (Skills Accelerator) – DİF-in Yeni İqtisadiyyat və Cəmiyyət Mərkəzi tərəfindən həyata keçirilən qlobal dövlət-özəl əməkdaşlıq platformasıdır. DİF-in Azərbaycanın qoşulduğu Qlobal Bacarıqlar Akseleratorlar Şəbəkəsi hazırda 35 ölkədə fəaliyyət göstərərək müxtəlif sektorlar arasında əməkdaşlığı təşviq edərək əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır, innovativ həllərdən istifadənin miqyasını genişləndirir.
Təşəbbüsün icrası 4SİM tərəfindən koordinasiya olunacaq. Layihənin Azərbaycan üzrə həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovdur.
Sonda 4SİM-in Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu ilə birgə icra etdiyi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Coursera” onlayn təhsil platformasında təlimlərə qoşularaq fəallıq nümayiş etdirən iştirakçılara sertifikatlar təqdim olunub.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə