Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Auditorlar Palatasından bildirilib ki, tədbirdə auditin aktual problemləri, o cümlədən, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat kontekstində auditorların öhdəlikləri və məsuliyyətləri, 2025-ci ilin I yarımilliyi üzrə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən ƏL/TMM qanunvericiliyinə riayət olunmasının vəziyyəti, auditorlar arasında etik qaydalara əməl edilməsinə dair monitorinq sisteminin yaradılması, təsərrüfat subyektlərinin audit komitələri ilə auditin mövcud problemlərinə dair keçirilmiş sorğunun nəticələri, Audit Komitəsinin nümunəvi əsasnaməsinin layihəsi müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat kontekstində müəssisələrin fəaliyyətinin davamlılığın təmin edilməsində maliyyə hesabatları ilə yanaşı qeyri-maliyyə, ekoloji və ətraf mühitə dair hesabatların hazırlanmasının, iqtisadi resurslardan daha səmərəli istifadənin və ekoloji risklərin qiymətləndirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb və bu sahədə auditorların öhdəlikləri və məsuliyyətləri qeyd edilib.

Palata Şurasının müvafiq qərarı ilə 2025-ci ilin IV rübündə auditor təşkilatları və sərbəst auditorlar üçün “Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat kontekstində auditorların vəzifələrinə və məsuliyyətlərinə dair” seminarın keçirilməsi tapşırılıb.

Daha sonra 2025-ci ilin birinci yarımilliyi ərzində auditorlar tərəfindən ƏL/TMM üzrə qanunvericiliyə riayət olunmasının vəziyyəti ilə bağlı hazırlanmış icmal-təhlil müzakirəsi zamanı qeyd olunub ki, maliyyə şəffaflığının təmin edilməsi və auditorların bu istiqamətdə nəzarət funksiyasının gücləndirilməsi ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Gündəlikdəki növbəti məsələ – auditorlar arasında etik qaydalara əməl edilməməsinə dair monitorinq sisteminin yaradılması ilə əlaqədar bildirilib ki, yeni sistem auditorların fəaliyyətində IFAC-ın Beynəlxalq Etika Standartları Şurasının (IESBA) tələblərinə uyğun davranışın təmin olunmasına xidmət edəcək. Bu addım həm auditə ictimai etimadın möhkəmləndirilməsi, həm də peşəkar mühitdə məsuliyyət və şəffaflıq prinsiplərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Növbəti məsələlərin müzakirəsi zamanı diqqətə çatdırlıb ki, bir sıra təsərrüfat subyektlərində audit komitələrinin fəaliyyəti və kənar auditorlar arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə zərurət ola bilər. Audit komitələri müəssisələrdə daxili nəzarətin səmərəliliyini artıran, risklərin idarə edilməsində və maliyyə hesabatlarının etibarlılığının təminində mühüm rol oynayan struktur vahidlərdir. Şura audit komitələrinin fəaliyyətinin beynəlxalq korporativ idarəetmə prinsiplərinə uyğunlaşdırılması istiqamətində tövsiyələrin hazırlanmasını məqsədəuyğun hesab edib.

İclasda Şura üzvləri və Palatanın əməkdaşları ilə yanaşı, müzakirə olunan məsələlər üzrə rəyçi qismində Palatanın üzvləri – Cəfər Həsənov, Mehdi Babayev, Ənvər Aslanov, Rüfət Əliyev və digərləri geniş məruzə ilə çıxış ediblər.

İclasın yekununda qeyd edilib ki, müzakirə olunan məsələlər Azərbaycan Respublikasında auditor peşəsinin beynəlxalq tələblərə uyğun inkişafına, etik davranış qaydalarının gücləndirilməsinə və auditə ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə