Azərbaycan və Almaniya arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub - FOTOLAR

Azərbaycan ilə Almaniya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, Anlaşma Memorandumunun imzalanması və fəaliyyət planının hazırlanması müzakirə olunub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, nazir Məcnun Məmmədov Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman ilə görüşdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış münbit şərait, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

İki ölkə arasında, həmçinin kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında mütəxəssis dəstəyi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə edilib.

Bildirilib ki, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə