"Tranzit potensialı nəzəri baxımdan arta bilər" - RƏY BİLDİRİLİDİ

"Azərbaycanın tranzit imkanlarının artmasından danışmaq hələ tezdir. Düzdür, son 2-3 ildə müəyyən meyllər müşahidə olunur və bizim yük aşırma potensialımız nəzəri baxımdan arta bilər. Amma reallıqda bu proses hələ tam reallaşmayıb". Bu sözləri iqtisadçı Toğrul Vəliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələn, Mərkəzi Asiyadan gələn yüklərin son nöqtəsi kimi fəaliyyət göstərən Bakı limanının aşırma qabiliyyətində ciddi bir artım qeydə alınmayıb. Eyni vəziyyət dəmir yolları üçün də keçərlidir – onların da ötürücülük gücü hələ dəyişməyib: "Bu səbəbdən tranzit imkanlarımızın artdığını demək düzgün olmaz. Bu sahədə real dəyişikliklərin baş verməsi üçün öncə infrastruktur – limanlar, dəmir yolları və avtomobil yolları – genişləndirilməli, həmçinin müasir tələblərə uyğun modernləşdirilməlidir. Bununla yanaşı, bu proseslərə ciddi investisiyalar yönəldilməlidir. Hazırda isə bu cür iri həcmli investisiya təşəbbüslərinin o qədər də aktiv şəkildə həyata keçirildiyini müşahidə etmirik.

Doğrudur, alternativ marşrutlarla yüklərin daşınması üçün yeni imkanlar formalaşır. Lakin bu yollar hələ kifayət qədər səmərəli deyil, çünki məsafə uzundur, infrastruktur zəif inkişaf edib və səmərəli istifadəsi üçün böyük maliyyə vəsaiti tələb olunur. Beləliklə, nəzəri baxımdan tranzit imkanlarının artımından danışmaq mümkün olsa da, real mənzərə hələ dəyişməyib.

Statistik göstəricilər də bu vəziyyəti təsdiqləyir. 2022, 2023 və 2024-cü illərdə əhəmiyyətli artım qeydə alınmayıb. Azərbaycan müəyyən qədər nəqliyyat marşrutlarını diversifikasiya etsə də, bu dəyişikliklər hələ köklü xarakter daşımır. Ona görə də indiki mərhələdə real tranzit artımından danışmaq, hələlik, doğru olmaz".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə