Kibertəhlükəsizlik artıq milli təhlükəsizlik məsələsidir - Aparat rəhbəri

İnformasiya təhlükəsizliyi və kritik infrastrukturların mühafizəsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. SİA xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.

Fərid Hacıyev qeyd edib ki, sürətli rəqəmsallaşma, “ağıllı şəhərlər”in qurulması, süni intellektin tətbiqi yeni imkanlar yaratmaqla yanaşı, kibertəhlükələrin də artmasına səbəb olur.

“Maliyyə, nəqliyyat, enerji və telekommunikasiya sektorları bu gün ən çox hədəf alınan sahələrdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “2023–2027-ci illər üçün İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası” milli arxitekturanın formalaşdırılmasına, rəqəmsal təhlükəsizliyin və innovativ inkişafın təmin edilməsinə xidmət edir. Strategiyanın icrası informasiya məkanında etibarlılığın, dayanıqlığın və davamlılığın möhkəmlənməsinə mühüm töhfə verir”, – deyə o vurğulayıb.

Milli Məclis Aparatının rəhbəri əlavə edib ki, son illərdə qanunvericilikdə mühüm dəyişikliklər həyata keçirilib: “İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislərin ölkəyə cəlbi üçün miqrasiya məcəlləsinə dəyişikliklər edilib, sistem inteqrasiyası və proqram təminatının hazırlanmasına dair təşəbbüslər dəstəklənib. “Critical Infrastructure Defence Challenge-2025” tədbiri Azərbaycanın kibertəhlükəsizlik sahəsində innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Bu tədbir təkcə rəqabət və bilik mübadiləsi üçün deyil, həm də yeni həllərin tapılması, dövlət-özəl əməkdaşlığının gücləndirilməsi və gələcək üçün möhkəm zəminin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır”.

Bütün xəbərlər Facebook səhifəmizdə