Neftçala Sənaye Məhəlləsinin ərazisi tam sahibkarların istifadəsinə verilib
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “Gedik Kaynak” MMC tərəfindən Türkmənistana növbəti dəfə 100 ton həcmində elektrod məhsulunun ixracı baş tutub.
SİA-nın məlumatına görə, Agentlikdən bildirilib ki, bununla əlaqədar media nümayəndələrinin iştirakı ilə məhsulun sözügedən ölkəyə yola salınması mərasimi keçirilib. Ümumilikdə şirkət tərəfindən Türkmənistana mərhələli şəkildə 600 ton həcmində məhsul göndəriləcək.
Bildirilib ki, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir. Növbəti mərhələdə müəssisədə paslanmaz və alüminium elektrodların istehsalına başlanılması nəzərdə tutulur.
Qeyd olunub ki, Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin aylıq istehsal gücü 330 tondur. İnvestisiya dəyəri 7,5 milyon manat olan müəssisədə 20 nəfərdən artıq daimi iş yeri yaradılıb. Müəssisədə istehsal edilən məhsullar “Geka” brendi adı altında daxili bazara satılmaqla yanaşı, İraq, Özbəkistan, Türkmənistana da ixrac edilir, Rusiya və Qazaxıstana da satış istiqamətində danışıqlar aparılır.
Daha sonra media nümayəndələri Neftçala Sənaye Məhəlləsinin ümumi fəaliyyəti ilə tanış olublar.
Diqqətə çatdırılıb ki, Neftçala Sənaye Məhəlləsi ölkəmizdə yaradılmış ilk sənaye məhəlləsidir. Belə ki Sənaye Məhəlləsi dövlət başçısının 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsi 2017-ci ilin sentyabrından fəaliyyət göstərir. Ərazisi 10 hektar təşkil edir və məhəllənin ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib. Sənaye məhəlləsinin də əsas fəaliyyət istiqamətləri kimi balıqçılıq, qida sənayesi, avtomobil, yem istehsalı və s. məhsulların istehsalı nəzərdə tutulub.
Məhəllədə investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib, bunlardan 5-i fəaliyyət göstərir. Sahibkarlar tərəfindən görülmüş işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 300 nəfərdən çox daimi iş yeri yaradılıb. İndiyədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 230 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.
İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı altında İraqa, Türkmənistana, Özbəkistana, Qırğız Respublikasına və digər ölkələrə ixrac edilib. Əsasən Sənaye Məhəlləsində istehsal edilən balıq yemi, elektrod kimi məhsulların ixracı həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə