"Bu sənəd Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verəcək" - İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

"Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin iri holdinqlərindən biri arasında sənəd imzalanmışdır. Bu sənədin gələcəkdə Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verəcəyi gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, xarici investisiyaların, xüsusən də Birləşmiş Ərəb Əmirliklərindən gələn sərmayələrin Azərbaycana daxil olması, ölkə iqtisadiyyatında daha fəal iştirakın təmin olunması deməkdir: "Holdingin Azərbaycana yatırımlar etməsi yeni layihələrin həyata keçirilməsinə, qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə ciddi dəstək olacaq.

BƏƏ-də fəaliyyət göstərən iri holdinqlər və transmilli korporasiyalar müasir idarəetmə modelləri və innovativ texnologiyalardan geniş istifadə edirlər. Bu yeniliklərin Azərbaycana gətirilməsi də iqtisadi inkişafa əlavə stimul verəcək. Eyni zamanda, böyük korporasiyalar və holdinqlərlə əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzuna və imicinə də müsbət təsir göstərir. Bu cür əməkdaşlıq digər xarici investorların da Azərbaycana sərmayə yatırmaqda maraqlı olmasına şərait yaradır. Nəticə etibarilə, iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafı baxımından bu addım strateji əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə