"BƏƏ Azərbaycanda bir sıra investisiya layihələrinə başlayıb" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun plenar sessiyası çərçivəsində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydi iştirak edib. Sessiyada Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə BƏƏ-nin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, bu, hökumətin investisiya cəlb etmək istəyi ilə bağlıdır və layihəyə dair bəzi detallara yer verilib: "Layihənin dəyəri 5 milyard dollar təşkil edir və həmin böyük yol boyunca ətraf ərazilərdə otellər, yaşayış kompleksləri və turizm obyektlərinin tikilməsi nəzərdə tutulur. “Şəhər içində şəhər” konsepsiyası qurmaq planlaşdırılır. Həmin ərazidə turizm məkanları, yaşayış yerləri formalaşdırılacaq və bir növ “Sea breez” kimi xüsusi məkan yaradılması nəzərdə tutulur. Layihəyə həm də böyük yolun təmizlənməsi daxildir. Ümumilikdə, çox əhatəli və genişmiqyaslı bir layihədir.

Ölkələrarası münasibətlər artıq yaxşı səviyyədədir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti – ölkənin alternativ enerji sahəsində ən böyük operatorlarından biri – Azərbaycanda investisiya yatırır. BƏƏ-nin Azərbaycanda bir sıra layihələri mövcuddur və yaxın zamanda onların prezidenti də Şuşaya səfər edib. Bütün bunlar göstərir ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi prosesi aktiv şəkildə davam edir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə