Azərbaycan Monteneqro ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib

Monteneqronun turizm naziri ilə görüşdə ticarət, investisiya, nəqliyyat və turizm üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Monteneqronun turizm naziri Simonida Kordiç ilə görüşüb.

Görüşdə Azərbaycanın Monteneqro ilə iqtisadi münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Şərq və Qərbin, Şimal və Cənubun strateji kəsişməsində əsas sərmayə imkanlarını araşdırmaq məqsədi daşıyan Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun bu baxımdan yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər ticarət, investisiya, nəqliyyat, turizm və qarşılıqlı maraq doğuran digər sahələr üzrə işbirliyinin gücləndirilməsi haqqında müzakirə aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə