"BƏƏ ilə iqtisadi əməkdaşlıq Azərbaycana yeni maliyyə resursları cəlb edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan və BƏƏ arasında İqtisadiyyat Nazirliyi, digər dövlət qurumları və böyük holdinq şirkətləri ilə imzalanmış sənədlərin rolu və əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Xüsusilə Azərbaycan İnvestisiya Holdinqi ilə "Abu Dabi" İnkişaf Holdinq Şirkəti arasında imzalanmış “Birgə sərmayə çərçivə razılaşması” xüsusi diqqətə layiqdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
Samir Heydərov sözlərinə belə davam edib: "Bununla yanaşı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə BƏƏ-nin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığına dair memorandumun imzalanması da mühüm addımdır. Bu tip sənədlər ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir.
Data mərkəzləri kimi texnoloji yönümlü layihələr ölkənin rəqəmsal infrastrukturu baxımından böyük əhəmiyyət daşıyır. Belə layihələr qabaqcıl texnologiyaların ölkəyə gətirilməsinə, internet xidmətlərinin, məlumatların saxlanılması və emal imkanlarının yerli səviyyədə genişlənməsinə şərait yaradır. Bununla yanaşı, xarici investisiyalar texnologiya transferi, kadr hazırlığı və peşəkar bacarıqların artırılması istiqamətində ciddi fayda verir.
BƏƏ kimi güclü maliyyə imkanlarına sahib ölkələrlə iqtisadi əməkdaşlığın dərinləşməsi Azərbaycana yeni maliyyə resurslarının cəlb edilməsini təmin edir, müxtəlif sektorlar üçün maliyyə mənbələrinin şaxələndirilməsinə imkan yaradır. Bu, dövlət müəssisələrində infrastrukturun və xidmət sahələrinin inkişafına, keyfiyyətin yüksəldilməsinə və innovasiyaların tətbiqinə şərait yaradır. Həmçinin, bu cür razılaşmalar dövlətlərarası iqtisadi münasibətlərin daha yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, belə əməkdaşlıqlar xarici investorların Azərbaycana baxışını yaxşılaşdırır, ölkənin hüquqi və institusional mühitində sabitlik və şəffaflıq mesajı verir. İkitərəfli ticarət, startap layihələri və özəl sektor əməkdaşlığı üçün də yeni imkanlar açılır. Azərbaycan uzun müddətdir ki, iqtisadiyyatını diversifikasiya edərək qeyri-neft-qaz sektorunu inkişaf etdirməyə çalışır. Data mərkəzləri, rəqəmsal infrastruktur və texnoloji xidmətlər də bu istiqamətdə prioritet sahələr sırasındadır.
Məlumata görə, "Abu Dabi" İnkişaf Holdinqi ilə Azərbaycan İnvestisiya Holdinqi arasında 1 milyard dollarlıq sərmayə platformasının yaradılması barədə razılıq əldə olunub və hər iki tərəf bərabər kapital qoyuluşu həyata keçirəcək. Yüksək səviyyəli görüşlər çərçivəsində rəqəmsal infrastruktur, enerji və bərpa olunan enerji zonaları, kənd təsərrüfatı, texnologiya, səhiyyə və təhsil kimi sahələr əməkdaşlığın əsas prioritet istiqamətləri kimi müəyyən edilib. Bu layihələr texniki və inzibati sahələrdə yerli əmək qüvvəsinə tələbatı artıracaq, yeni bacarıqların mənimsənilməsinə və işçi qüvvəsinin ixtisaslaşmasına şərait yaradacaq. Nəticə etibarilə, Azərbaycan iqtisadiyyatı üçün yeni imkanların açılmasına və davamlı inkişafın təmin olunmasına mühüm töhfə veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə