“Qış turizminin inkişafı fasiləsizliyi təmin edəcək” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda turizmin inkişafı istiqamətində əsas hədəflərdən biri bu sahədə fərqliliyin təmin edilməsidir”. Bu fikirləri millət vəkili Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib.

O, qeyd edib ki, turizmdə rəngarəngliyin yaradılması isə yalnız yay və müalicəvi turizmlə məhdudlaşmır, eyni zamanda qış turizminin inkişafı da xüsusi əhəmiyyət daşıyır: “Müşahidələr göstərir ki, Azərbaycana gələn əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri məhz Qusar rayonudur. Bu fakt birbaşa olaraq rayonun qış turizmi potensialı ilə bağlıdır. Şahdağ qış-yay turizm kompleksi kimi layihələrin həyata keçrilməsi nəticəsində Qusar həm yerli, həm də xarici turistlərin əsas seçim məkanına çevrilmişdir.

Qış turizminin inkişafı yalnız Qusar rayonunun sosial-iqtisadi tərəqqisinə deyil, ümumilikdə ölkədə daxili turizmin stimullaşdırılmasına da xidmət edir. Yerli turistlərin ölkə daxilində səyahət imkanlarının genişləndirilməsi milli iqtisadiyyat üçün əlavə üstünlüklər yaradır. Bununla yanaşı, Qusar təcrübəsi göstərir ki, qış turizmi imkanlarının digər bölgələrdə də inkişaf etdirilməsinə ehtiyac var. Qış turizminin inkişafı bir tərəfdən turizmdə fasiləsizliyin təmin edilməsi, digər tərəfdən isə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq. Bu, Azərbaycanın turizm xəritəsində daha geniş və rəqabətqabliyyətli təkliflər formalaşdırmaqla ölkənin beynəlxalq turizm bazarındakı mövqelərini möhkəmləndirə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə