"20 sentyabr həm Azərbaycanın enerji təhlükəsizliyi, həm də strateji müstəqilliyi baxımından əhəmiyyətli bir tarixdir. Bu gün həm tarixi önəmi ilə, həm də müasir qloballaşan dünyanın tələblərindən doğan ölkə üçün zəruri istiqamətləri ilə xüsusi yer tutur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, 20 sentyabr Azərbaycanın enerji strategiyasının əsas hissəsinin başlanğıcı hesab olunur: "Üç enerji strategiyasından birincisi olan neft strategiyası məhz 20 sentyabr 1994-cü ildə əsası qoyulmuşdur. Bu səbəbdən həmin tarix Neftçilər Günü kimi qeyd edilməyə başlamışdır. Neftçilərin zəhmətinə və əməyinə ölkə rəhbərliyi tərəfindən verilən qiymətin bu şəkildə ifadə olunması, eyni zamanda onların xidmətinə verilən yüksək qiymətin təzahür formasıdır.
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında və strateji müstəqilliyinin qorunmasında neft faktoru xüsusi rol oynayır. Dövlət büdcəsinin formalaşmasında, infrastruktur layihələrinin icrasında, sosial proqramların maliyyələşdirilməsində və digər strateji istiqamətlərdə neft faktoru ölkə iqtisadiyyatı üçün, ümumiyyətlə, ölkənin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir.
Bu baxımdan, 20 sentyabr yalnız tarixdə bir hadisə deyil, həm də Azərbaycanın enerji siyasətinin uğurla həyata keçirildiyi, neft strategiyasının ölkənin iqtisadi və sosial inkişafında aparıcı rol oynadığı gün kimi böyük mənəvi və strateji önəm daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə