Bakıda velosiped və skuter kirayəsinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır

Hazırda Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) SİA-ya bildirilib ki, bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir.

Şəxsi velosiped və skuterlərindən istifadə edənlər də nəzərə alınsa rəqəmlər daha yüksəkdir. Mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayı artdıqca, təhlükəsizlik məsələsi də əsas prioritetə çevrilir. AYNA tərəfindən mütəmadi olaraq skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı çağırış olunur. Skuter istifadəçilərinin diqqət etməli olduğu vacib məqamlar var:

• Skuter istifadə edərkən onun texniki sazlığına əmin olmaq lazımdır. Bu zaman əyləc sistemi, təkərlərin vəziyyəti, işıqlandırma, sükanın idarəetməsi və batareya səviyyəsi nəzərdən keçirilməlidir;

• Skuterdən tək istifadə etmək lazımdır. Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın pozulmasına səbəb olur, qəza riskini artırır;

• Skuterdən istifadə zamanı sükanı iki əllə saxlamaq lazımdır;

• Skuterdən istifadə edən zaman riskli manevrlər etmək və yarışmaq olmaz. Bu, həm skuter istifadəçisi, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır;

• Mikromobillik zolağı olmayan hissələrdə yolun sağ tərəfi ilə hərəkət etmək vacibdir;

• Piyada zolağına çatdıqda skuterdən enmək və yolu piyada kimi keçmək önəmlidir;

• Skuterdən istifadə zamanı yol nişanları, nişanlanma xətləri və işıqforun siqnallarına əməl etmək mütləqdir;

• Skuterdə yüksək səslə musiqi dinləmək məsləhət görülmür. Bu, diqqəti yayındırır, siqnalları və ətrafdakı səsləri eşitməyə mane olur.

Xatırladaq ki, qanunvericiliyə görə, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə