"Qızıl qiymətlərinin artımı qlobal bazarlara və ölkəmizə təsir edir" - EKSPERT FİKRİ

"Son aylarda dünya bazarlarında qızıl qiymətlərinin artması bir neçə mühüm amillə izah olunur. İlk növbədə, qızıl hər zaman qeyri-müəyyənlik dövrlərində “təhlükəsiz liman” aktivinə çevrilir. Yəni, geosiyasi gərginliklər, müharibə riskləri, eləcə də qlobal iqtisadiyyatda baş verən dalğalanmalar investorları daha etibarlı aktivlərə yönləndirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Qızıl da məhz bu baxımdan ənənəvi olaraq sərmayəçilərin ilk seçimlərindən biri olur: "Digər mühüm amil inflyasiya göstəriciləridir. ABŞ-da və Avropada faiz dərəcələrinin yüksək qalması, eyni zamanda dolların digər valyutalara qarşı mövqeyində dəyişikliklər investorların davranışına təsir göstərir. İnflyasiya təhlükəsi artdıqca, qızılın dəyəri də yüksəlir, çünki qızıl pulun dəyərsizləşməsinə qarşı sığorta vasitəsi kimi çıxış edir. Qızıl qiymətlərinə həmçinin mərkəzi bankların davranışı təsir edir. Son dövrlər xüsusilə Çin, Hindistan və bir sıra inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını artırmağa başlayıb. Bu da bazarda tələbin artmasına, dolayısı ilə qiymətlərin yüksəlməsinə gətirib çıxarıb.

Azərbaycan kontekstində isə qızıl qiymətlərinin artması bir neçə istiqamətdə təsirini göstərə bilər. Əvvəla, ölkənin strateji ehtiyatlarında qızılın payının mövcudluğu qiymət artımını müsbət amil kimi dəyərləndirməyə imkan verir. Bu, valyuta ehtiyatlarının dəyərinin artmasına və maliyyə sabitliyinin güclənməsinə səbəb ola bilər. Digər tərəfdən, qızıl qiymətlərinin yüksəlməsi qlobal bazarlarda qeyri-sabitliyi əks etdirdiyi üçün, dolayısı ilə ixracata, idxala və ümumi iqtisadi proseslərə risklər də yarada bilər.

Ümumilikdə, qızıl qiymətlərindəki artım həm risklərin göstəricisi, həm də fürsətlərin yaranması deməkdir. Əsas məsələ isə odur ki, bu proseslər fonunda ölkə iqtisadiyyatında diversifikasiya siyasəti gücləndirilsin və valyuta ehtiyatlarının idarə edilməsində daha çevik yanaşma tətbiq olunsun".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə