“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib. Energetika Nazirliyindən SİA-ya bildirilib ki, iclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq iqtisadiyyatın, o cümlədən energetika sahəsinin inkişafının təmin edilməsi, qarşıda duran hədəflərə nail olunması məqsədilə ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. “Yaşıl enerji məkanı” məqsədinin enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, yaşıl texnologiyalardan istifadə, iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından əhəmiyyəti qeyd olunub. Strategiyanın icrası ilə bağlı ilkin hesabat layihəsindən bəhs edilərək hesabat dövrü ərzində görülmüş işlər üzrə nəticələrin qənaətbəxş olduğu vurğulanıb və gündəlikdə duran məsələlərə diqqət çəkilib.
Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyada “Yaşıl enerji məkanı” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrasına dair 2025-ci ilin 1-ci yarımili üzrə hesabatı təqdim edib. Görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmə nəticələri nəzərdən keçirilib, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri, çağırış və tövsiyələr barədə məlumat verilib.
İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova və Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə İşçi qrupun üzvləri tərəfindən verilən sualları cavablandırıblar.
İşçi qrupun üzvlərinin ilkin monitorinq və qiymətləndirmə hesabatına dair rəy və təklifləri dinlənilib, icrası davam edən tədbirlərlə bağlı mövcud vəziyyət və atılacaq addımlar müzakirə edilib və qarşıdakı dövrdə tədbirlərin tam və effektiv icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, “Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “AzərEnerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə